KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MALİYYƏ YARDIMI EDİLİB

Bu gün prezident İlham Əliyev KİV-lərə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Prezidentin ehtiyat fondunun vəsaiti hesabına 38 KİV-in hər birinə 5000 AZN (təxminən 6200 ABŞ dolları) məbləğində birdəfəlik maliyyə yardımı ediləcək.
Sərəncamda həmin KİV-lərin siyahısı verilib. Siyahının Azərbaycan dilində tam mətni ilə aşağıdakı ünvanda tanış ola bilərsiniz:

 

 http://www.president.az/articles.php?item_id=20080731021600488&sec_id=30

  RATİ ayrılmış yardıma ümumilikdə münasibətləri və bu vəsaitlə nə edəcəkləri ilə bağlı bir-neçə KİV rəhbərinə müraciət etdi. “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı suala atalar sözü ilə qısa şəkildə cavab verdi: ”Bəy verən atın dişinə baxmazlar”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hələ pulla nə edəcəkləri haqqında dəqiq qərara gələ bilmədiklərini söylədi. “Fikirləşirəm ki, həmin pulu ehtiyacı olan jurnalistlərə versək pis olmaz. Belə də baxanda həmin pul o qədər də çox deyil ki, redaksiyanın hansısa problemini həll eləsən. Hər halda bu yaxşı addımdır. O pula heç olmasa 3-4 ədəd kompyuter də almaq olar”, – deyə qeyd edən M. Əliyev yardım alan KİV-lər sırasında müxalifət qəzetlərinin də adlarının olmasını təqdirəlayiq hal hesab etdi. Habelə M. Əliyev ümid etdi ki,  prezidentin həbsdə olan jurnalistləri də əfv edəcək və mətbuatın durumunu normallaşması üçün  ardıcıl addımlar atacaq.  

“Bu yardım Azərbaycan dövlətinin sərvətləri hesabına əldə olunmuş pullardandır və Azərbaycan vətəndaşı olaraq həmin sərvətlərdə əldə olunan pullardan bizə də pay düşməlidir”. Bunu isə  “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov söylədi. Habelə A. Əhmədov hesab etdi ki, bu yardımın əvəzinə həbs olunmuş jurnalistlərdən heç olmasa biri azadlığa buraxılsaydı və ya cəza müddəti yarıya endirilsəydi daha  sevindirici hadisə olardı.
Baş direktor daha sonra bildirib ki, bu fərman imzalanarkən qəzetlərin nüfuzu və tirajı nəzərə alınmayıb. Onun sözlərinə görə, bu məbləğ hər hası bir həftəlik və ya aylıq dərc olunan qəzetlərin bir illik fəaliyyətinə bəs edər, lakin “Azadlıq”  kimi gündəlik bir qəzetin bir həftəlik fəaliyyətinə belə bəs etmir.      

”Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə prezident İlham Əliyevin  KİV-lərə ayırdığı yardımı Azərbaycanda söz və mətbuat azadlığının  inkişafına qayğı kimi qiymətləndirdi: ” Heç bir ayrı seçkilik olmadan 5000 AZN müxalifət, iqtidar və eləcə də  müstəqil qəzetlər arasında bölünəcək.   Dövlət büdcəsindən ayrılan 5000 AZN mətbuatı mövcud çətinliklərdən çıxartmaq gücündə deyil.  Amma  bu məbləğ Azərbaycan mətbuatının maddi çətinlikdən çıxmasına qismən də olsa kömək edəcək”.    
Mətbuat Şurasının sədri Əflatun Amaşov da prezidentin ayırdığı  yardımı KİV-lərin inkişafına dövlət dəstəyi kimi dəyərləndirdi. Onun sözlərinə görə, 5 000 manat 22 iyul bayram münasibəti ilə mətbuatın inkişafına kömək etmək məqsədi ilə dövlət büdcəsindən ayrılıb.
Həbs olunmuş jurnalistlərlə bağlı prezidentə ünvanlanan müraciətin  indiyə qədər cavabsız qalması məsələsinə də münasibət bildirən şura sədri tezliklə prezidentin bu məsələyə də müsbət baxacağına ümid etdi:  ”Bu vaxta qədər biz Mətbuat Şurası olaraq   prezident İlham Əliyevə çoxsaylı müraciətlər göndərmişik. Son dəfə isə həbsdə olan  jurnalistlərlə bağlı müraciəti  prezidentə ünvanlamışıq. Ancaq  jurnalistləri  əfv etmək və azadlığa buraxmaq bizim yox, dövlətin ixtiyarındadır”.   

Previous Post

MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSDİR

Next Post

“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASI” TƏSDİQ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.