Hökumət vətəndaş cəmiyyətinə qarşı repressiyaya son qoymalıdır

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azad Fikir Universitetinin (AFU) ofisində keçirilən reydi və bunun ardınca ofisin bağlanmasını qətiyyətlə pisləyir və bunu Azərbaycanda vətəndaş cəmiyyətinə görünməmiş bir hücum hesab edir. RATİ Azərbaycan hökumətini AFU-nun ofisinin dərhal açmağa və müsadirə olunmuş sənədləri geri qaytarmağa çağırır.

Belə ki,  dünən  səhər saatlarında  Baş Prokurorluğun əməkdaşları heç bir məlumat vermədən AFU-nun ofisinin qapısını möhürləyib, ofisi bağlayıblar.  Bu gün Baş Prokurorluq məlumat yayaraq bildirib ki, təşkilat bir çox hüquqi və administrativ öhdəlikləri, o cümlədən QHT qanunvericiliyinə 2013-cü ildə daxil edilmiş müddəaları pozub.

RATİ sədri Emin Hüseynov bildirib ki, bu addım Azərbaycanda ifadə azadlığına daha bir ağır zərbədir. “Bu qərar siyasi olmaqla yanaşı həm də vətəndaş cəmiyyətinin hakimiyyəti qətiyyən maraqlandırmağının göstəricisidir. Bu yanlış addım beynəlxalq ictimaiyyətin diqqətindən yayınmayacaq”,- deyə Hüseynov fikrini tamamlayıb.

Qeyd edək ki, AFU gənclər sektorunda tanınmış OL! Hərəkatının alternativ təhsil layihəsidir. Layihənin məqsədi gənclərin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir.

Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərmək getdikcə daha da çətinləşir. İlin əvvəlindən Azərbaycan rəsmiləri və hökumət meylli media müstəqil, xüsusilə də xarici qrantlar hesabına fəaliyyət göstərən QHT-lərə qarşı qarayaxma kampaniyasına başlamış və bu təşkilatları milli təhlükəsizliyə xələl gətirməkdə ittiham etmişdi. Martın 15-də Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin Sovet dövrünə xas bir üslubda verdiyi müsahibə vətəndaş cəmiyyətinə qarşı düşmənçiliyi daha da gücləndirdi.

Bundan başqa, martın 31-də yeni yaradılmış El Hərəkatı da ofisindən çıxarılıb.  Bu  hərəkat yeni ofis icarəyə götürsə də, aprelin 5-də həmin ofisə də  giriş qadağan edilib.

Qarşıdakı həftələrdə də bu təzyiqlərin davam edəcəyi ehtimalı ciddi narahatlıq doğurur. Digər vətəndaş cəmiyyəti təşkilatları da hədəfə çevrilmək təhlükəsi ilə üz-üzədir.

RATİ bildirir ki, QHT-lərin  ofislərinə reydlər və ofislərin bağlanması Azərbaycan Respublikası Konstitusiyasının 58 və Avropa Konvensiyasının  11-ci maddələri ilə qorunan birləşmək azadlığının kobud şəkildə pozulmasıdır.

RATİ hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı məhkəmə yolu ilə və digər istənilən formada olan təzyiqlərə son qoymağa və BMT Baş Assembleyasının 1998-ci ilin 9 dekabrında qəbul etdiyi “Hüquq Müdafiəçiləri haqqında Bəyannamə”nin prinsiplərinə, xüsusilə də aşağıdakı maddələrinə, əməl etməyə çağırır:

–         Maddə 1- “Hər kəsin fərdi qaydada və ya başqaları ilə birlikdə, milli və beynəlxalq səviyyələrdə, insan hüquq və əsas azadlıqlarının qorunması və həyata keçirilməsi üçün çalışmaq və bunu təbliğ etmək hüququ vardır”.

–         Maddə 5- “Hər kəsin fərdi qaydada və ya başqaları ilə birlikdə, milli və beynəlxalq səviyyələrdə (a) dinc şəkildə görüşmək və toplaşmaq, (b) QHT-lər, birliklər və ya qruplar yaratmaq və onlara qoşulmaq, (c) qeyri-hökumət və ya hökumətlərarası təşkilatlarla əlaqələr yaratmaq hüquqları vardır”.

–         Maddə 6 (b) və (c)- “Hər kəsin insan haqları və digər müvafiq beynəlxalq sənədlərdə qeyd olunduğu kimi fərdi qaydada və ya başqaları ilə birlikdə […] insan hüquq və əsas azadlıqları ilə bağlı fikirləri, məlumatları  və bilikləri nəşr etmək, bildirmək və başqalarına yaymaq və […] həm qanunvericilikdə, həm də praktikada insan hüquq və əsas azadlıqları ilə bağlı müşahidə yolu ilə araşdırma və müzakirə aparmaq və fikir yürütmək , həmçinin bu və ya digər vasitələrlə ictimai diqqəti bu məsələlərə yönəltmək hüququ vardır”.

–         Maddə 12.2- “Hər bir dövlət hər kəsin, fərdi qaydada və ya başqaları ilə birlikdə, bu Bəyannamədə istinad edilən hüquqların legitim istifadəsi nəticəsində məruz qala biləcəyi zorakılıq, hədə-qorxu, de-fakto və de-yure ayrıseçkilik, təzyiq və digər  qanunsuz əməllərdən səlahiyyətli qurumlar vasitəsi ilə müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görür”.

RATİ Azərbaycan hökumətini birləşmək azadlığına etdiyi basqılara son qoymağa və vətəndaş cəmiyyətinin inkişafına dəstək olmağa çağırır. RATİ Azərbaycan hakimiyyətini AFU ilə bağlı qərarı ləğv etməyə və hazırda insan hüquqlarının müdafiəsinin beynəlxalq standartlarına cavab verməyən milli QHT qanunvericiliyindəki nöqsanları aradan qaldırmağa çağırır.

RATİ eyni zamanda  beynəlxalq təşkilatları birləşmək azadlığının pozulması hallarına son qoyulması üçün hakimiyyətə çağırışlar etməyə səsləyir.

Previous Post

MTRŞ lisenziyaların verilməsində hamı üçün bərabər imkanlar yaratmalıdır

Next Post

İmişli icra başçısı informasiya agentliyini məhkəməyə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.