Media mənsubları ifadə azadlığı sahəsində durumun pisləşdiyini bildirirlər

Cümə günü RATİ-də ifadə azadlığının durumuna dair dinləmələr keçirilib. Öncə martın 2-də qətlinin 8-ci ili tamam olan  jurnalist Elmar Hüseynovun xatirəsi anılıb. Daha sonra isə ölkədə medianın, ifadə azadlığının durumu müzakirə edilib. “Turan” Agentliyinin direktoru Mehman Əliyev ötən bir il ərzində ifadə azadlığı sahəsində bütün istiqamətlər üzrə durumun pisləşdiyini xüsusi vurğulayıb.

Media qurumlarının iqtisadi əsaslarının sarsıdılması, yayım sisteminin çökdürülməsi, jurnalistlərə qarşı zorakılıq hallarının artması, məhkəmələr vasitəsilə müstəqil medianın yüksək məbləğdə cərimələnməsi, internetin nəzarətə götürülməsi cəhdlərinin çoxalması qeyd olunub. Qeyri-leqal maliyyələşdirmənin artması xüsusi qeyd edilib. 2011-ci ilin sonlarından müstəqil mediaya və xüsusilə “Azadlıq”  və “Yeni Müsavat” qəzetlərinə basqıların artdığı deyilib. Qəzetlərə qarşı məhkəmə iddialarının nəticəsi olan yüksək cərimələr iqtidarın qəzeti çökdürmək siyasəti kimi dəyərləndirilib. Qəzetə qarşı məhkəmə iddiaları ayrı-ayrı məmurların təşəbbüsü yox, iqtidarın yuxarı eşalonunun sifarişi sayılıb. “Press-köşk” adı ilə quraşdırılan yeni köşklərin qəzet köşkündən çox “mini-market” olması vurğulanıb. Bu köşklərdə müstəqil qəzetlərin satışının olmaması nəzərə çatdırılıb. İqtidarın interneti çoxsaylı saytlar yaratmaq yolu ilə nəzarətə götürməsi xəttinin iflasa uğradığı deyilib. Mətbuat Şurasında  internetə nəzarət üzrə məsələyə Mətbuat Şurasının qoşulmasının ifadə azadlığına ciddi təhlükə yaratdığı bildirilib.

 “Azadlıq” qəzetinin redaktor müavini Rahim Hacıyev qəzetə basqılar barədə danışıb. Ölkədəki problemlərin kökündə mövcud rejimin durması, bu rejim qaldıqca problemlərin də qalacağı deyilib. Ölkə ictimaiyyətinin həqiqəti yazan 2-3 qəzetə etimadının iqtidarı ciddi narahat etdiyi və qəzetə basqıların bu narahatlıqdan qaynaqlandığı qeyd olunub. Redaktor seçki ili olan 2013-cü ildə ictimai fəallıq artdıqca qəzetə basqıların, təzyiqlərin artacağı, mübarizənin sərt məcraya yönələcəyi xəbərdarlığı edib və ifadə azadlığını müdafiə qrupu yaradılması təklifi verib.

Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyev 2005-ci ildən bu yana jurnalistlərə qarşı 500-dən çox zorakılıq faktı olsa da cəmi 6-sının araşdırıldığını nəzərə çatdırıb. Araşdırılanlar iqtidara yaxın jurnalistlərlə bağlı işlər olub. Ötən 8 il ərzində jurnalistlərə qarşı 160 cinayət cəzası tətbiq edilib. Bunların yarısı həbs, yarısı islah işləri olub. 2010-cu ildən etibarən jurnalistlərin peşə fəaliyyətlərinə görə xuliqanlıq, narkotik ittihamları ilə həbs olunmaları tendensiyası başlandığı deyilib. Bu ittihamla 50 jurnalistin həbsə alındığı qeyd edilib.

Sonda RATİ rəhbəri Emin Hüseynov martın 2-si saat 12:00-da “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başında anım mərasimi keçiriləcəyi, axşam isə vaxtilə onun yaşadığı binanın önündə xatirə şamları yandırılacağını nəzərə çatdırıb.

Previous Post

Əvəz Zeynallı Gülər Əhmədovanın məhkəməyə gətirilməsini tələb edib

Next Post

Qətlindən səkkiz il keçməsinə baxmayaraq Elmar Hüseynov üçün ədalət hələ də təmin olunmayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.