Qətlindən səkkiz il keçməsinə baxmayaraq Elmar Hüseynov üçün ədalət hələ də təmin olunmayıb

45796_486565364743255_2048070875_n

Martın 2-də Azərbaycanda və dünyanın hər bir yerindən olan jurnalistlər 2005-ci ildə yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin səkkiz illiyini qeyd edəcək. Bununla bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hökuməti Elmar Hüseynovun qatillərini və bu qətlin sifarişçilərini məsuliyyətə cəlb etməyə və Azərbaycanda ifadə azadlığının durumunu yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.

Elmarın ölümü ilə Azərbaycan xalqı həqiqəti cəsarətlə yazan bir jurnalistini itirdi. Elmarın jurnalist fəaliyyəti və qətli media mənsublarına araşdırmaçı jurnalistikanın nə qədər cəsarət tələb etdiyini və bu işdə jurnalistin hansı risklərlə üzləşə biləcəyini göstərdi.

Elmar Hüseynov qətlə yetirildiyi zaman Prezident İlham Əliyev dərhal reaksiya verərək, bu cinayəti pislədi və bunu həmin ilin (2005-ci ilin) payızında baş tutacaq parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa yönəlmiş bir vəhşilik adlandırdı.

O, qətlin üstünün 40 gün ərzində açılacağına söz verdi və hətta ABŞ Federal Təhqiqatlar Bürosunun nümayəndələrini və türk xüsusi xidmət organlarının xəfiyələrini cinayətin istintaqına qoşulmağa dəvət etdi. Qətldən bir necə ay sonra Azərbaycan Türkiyyə və ABŞ hüquq mühafizə organlarının yardımından  faktiki imtina edərək istintaqın davam etdirilməsini Milli Təhlükəsizlik Nazirliyinə həvalə etdi. O vaxtdan bu günə düz 8 il keçsə də, Azərbaycan  hakimiyyəti jurnalistin qətlini lazımi şəkildə araşdıra bilməyib və bu işdə xüsusi canfəşanlıq nümayiş etdirmir.

Bu gün Elmarın Hüseynov Azərbaycanın söz və ifadə azadlıqlarının əsas simvollarından birinə çevirilib. Onun qəddarcasına qətlə yetirilməsinə görə məsuliyyət daşıyan şəxslər azadlıqda olduğu müddətdə jurnalistlər qorxu içində fəaliyyət göstərəcəklər. Elmarın qətli avtoritar rejimin jurnalistləri susdurmaq məqsədi ilə cəzasızlıqdan istifadə etməsini təcəssüm etdirir

RATİ Elmar Hüseynovun qətlinin səkkizinci ildönümü ilə bağlı olaraq Azərbaycan hökumətini:

  • İfadə azadlığının təmin olunması ilə bağlı yerli və beynəlxalq öhdəliklərini yerinə yetirməyə;
  • Elmar Hüseynovu qətlə yetirənləri, həmçinin bu qətli sifariş edənləri həbs edərək məsuliyyətə cəlb etməyə;
  • Hüseynovun qətli ilə bağlı bütün məlumatları ictimaiyyətə açıqlamağa;
  • Jurnalistlərə zorakılıq edən, onları qətlə yetirən şəxslərin cəzalandırılmaması ənənəsinə son qoymağa; jurnalistlərə qarşı həyata keçirilmiş bütün cinayətlərin üstünü açmağa və cavabdeh şəxsləri qanuna uyğun olaraq cəzalandırmağa çağırır.

RATİ həmçinin ABŞ və Avropa ölkələri hökumətlərinə müraciət edərək, onlardan Azərbaycan hökumətini və hüquq-mühafizə orqanlarını jurnalistlərə qarşı zorakılığa görə cəzasızlığın bütün formalarına son qoymağa, bütün cinayət hallarını adekvat araşdırmağa və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırmalarını xahiş edir.

Previous Post

Media mənsubları ifadə azadlığı sahəsində durumun pisləşdiyini bildirirlər

Next Post

MTN Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.