Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Milli Mətbuat Günü ilə bağlı bəyanatı
Bu gün, Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həbs, zorakılıq və hətta ölüm təhlükəsinə baxmayaraq həqiqəti yazmaq üçün gecə-gündüz çalışan Azərbaycan jurnalistləri, bloggerləri və sosial media fəalları ilə həmrəyliyini ifadə edir.
RATİ Azərbaycanda müstəqil medianın davamlı olaraq üzləşdiyi təqib, fiziki və mənəvi təhdid və digər formada təzyiqləri pisləyir. RATİ hökuməti Azərbaycan vətəndaşlarının BMT İnsan Hüquqları Bəyannaməsi-nin 19-cu maddəsi ilə qorunan söz və mətbuat azadlığı daxil olmaqla bütün ayrılmaz hüquqlarını təmin etməyə çağırır.
Son dövrdə hücuma məruz qalan və həbsə alınan jurnalistlərin sayındakı baş verən görünməmiş artım, qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklərin edilməsi və dolayı senzura müstəqil medianın fəaliyyət sahəsini daha da kiçildib.
RATİ hesab edir ki, ölkədə ifadə azadlığının durumunun pisləşməsinin səbəbi medianın hökumət tərəfindən davamlı və sərt repressiyaya məruz qalmasıdır.
” Azərbaycanda media bu gün getdikcə daha çox hücuma məruz qalır və buna görə hakim partiya məsuliyyət daşıyır. Rejim informasiyaya nəzarət etmək üçün “kök və dəyənək siyasəti”ndən istifadə edir. Bu isə ifadə azadlığına basqıdır və buna görə də rejim məsuliyyətsiz qala bilməz” deyə RATİ sədri Emin Hüseynov bildirib.
Azərbaycan hökuməti Bakıda bəzi jurnalistləri pulsuz mənzillə təmin edir ki, bu da mediaya dövlət nəzarətinin gücləndirilməsi üçün əl atılmış yeni bir taktika təəssüratı yaradır. Hazırda ölkədə ifadə azadlığı əlaqədar olaraq siyasi motivli ittihamlarla həbs olunmuş yeddi jurnalist var.
“Tikinti sahəsindəki sürətli inkişafın fonunda jurnalistlərə pulsuz mənzil verilməsi rüşvətdən başqa bir şey deyil, çünki belə olduğu halda jurnalistlər hakimiyyətə məhəl qoymaya bilməz”, deyə RATİ sədri qeyd edib.
Medianın rolunun azaldılması üçün digər bir taktika da onun ölkənin rəhbər şəxslərinə çatımlılığının azaldılmasıdır.
“Görünən odur ki, prezident İlham Əliyev 2003-cü ildə birinci müddətə seçiləndən bəri Azərbaycan mətbuatı ilə müsahibədən yayınır”, deyə Hüseynov bildirib. Prezident Aparatının “mətbuat hovuzu” etibarlı və asanlıqla manipulyasiya edilə bilən jurnalistlərin qapalı qrupu olaraq qalır.
Siyasi, hüquqi və iqtisadi mühit müstəqil mediaya qarşı sərt olaraq qalır. Məhkəmə prosesləri və iddiaları senzuranın dolayı metodu olaraq istifadə olunmağa davam edib.
Ənənəvi yayım mediasının xüsusilə sərt dövlət nəzarəti altında olduğu Azərbaycanda insanların ölkə xaricində hazırlanan proqramlara da çatımlılığı məhdudlaşdırılır. Yayımına müdaxilələr edilən telekanal və proqramlara Azadlıq Radiosunu, Meydan TV-ni və Azərbaycan Saatı proqramını misal göstərmək olar. RATİ vətəndaşların azad məlumata çatımlılığını məhdudlaşdırmaq məqsədi daşıyan peyk yayımına qəsdən müdaxilələri pisləyərək hökuməti beynəlxalq telekommunikasiya qanunlarına əməl etməyə çağırır.
RATİ Azərbaycan hökumətini tənqidlərə repressiya ilə deyil islahatlarla cavab verməyə çağırır. İfadə azadlığı mövcud olmadıqca heç bir sabitlikdən söhbət gedə bilməz. RATİ açıq və effektiv mətbuatın təşviqinin uzunmüddətli sosial, siyasi və iqtisadi sabitlik üçün mühitin yaxşılaşdırılmasına xidmət etdiyini xatırladır.
RATİ müntəzəm olaraq jurnalistlərə hücumlara görə cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayır. Azərbaycan hökuməti təqsirkarları məsuliyyətə cəlb etməli və tənqidi və araşdırmaçı jurnalistikanın kəsərini azaltmaqla ictimai nəzarəti sıradan çıxarmağa çalışanların qarşısını almalıdır.
RATİ Azərbaycan hökumətini ifadə azadlığından istifadə etdiklərinə görə həbs olunmuş bütün jurnalistləri, bloggerləri və fəalları dərhal azad etməyə çağırır.
RATİ BMT-ni, Avropa Şurasını və ATƏT-i ifadə azadlığı ilə bağlı öhdəlikləri olan üzv dövlət kimi Azərbaycana çağırışlar etməyə və bu çağırışlar lazımi nəticə vermədikdə isə müvafiq tədbirlər görməyə çağırır.