MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLADI

Bu gün (23 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində  (RATİ) Media Hüququ İnstitutu “Azərbaycanda ifadə azadlığı – defamativ məhkəmə işləri, basqılar, bilgi azadlığı, internet azadlığı, teleradio düzənlənməsi”nə dair illik hesabat təqdim etdi.

İlk çıxış edən Media Hüququ İnstitutunun (MHİ)  rəhbəri Rəşid Hacılı bildirdi ki, hazırlanan hesabatda ilk növbədə media nümayəndələrinə, jurnalistlərinə qarşı edilən təzyiqlər, eləcə də 2011-ci ildə Azərbaycanda İfadə azadlığı hüququnun hazırkı vəziyyəti haqqında gəlinən nəticələr öz əksini tapmaqdadır.

Daha sonra çıxış edən   MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev ilk olaraq, MHİ-nin tədqiqatların aparılmasında və hesabatların hazırlanmasına verdiyi dəstəyə görə ABŞ-ın (USAİD) İREX təşkilatına, İnternet sahəsində vəziyyətin monitorinqinə görə Britaniya səfirliyinə və ATƏT-in Bakı Ofisinə   təşəkkür etdiklərini bildirdi.  Daha sonra

X.Ağəliyev qeyd etdi ki,  sabiq siyasi məhbus Eynulla Fətullayevin həbsdən azad olmasından sonra hesabatın müzakirəsinə pozitiv əhval-rühiyyədə başlayacaqlarını  düşünürmüş. Lakin ilin sonuna yaxın yazıçı publisist Rafiq Tağının  qətlə yetirilməyi hesabatın bədbin notlarla təqdimatını diktə edib.

 X.Ağəliyev bildirib ki,  son 2-3 il ərzində jurnalistlərə qarşı  təzyiq və basqılar, hədələnmə halları çoxalıb. Yalnız 2011-ci il ərzində 72 jurnalist 90 halda fiziki , psixoloji basqıya, təzyiqə məruz qalıb. Açıqlanan səndə görə,  mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə azı 32  iddia qaldırılıb, 8 jurnalistin isə yazılarına görə  cinayət məsuliyyətinə cəlb olunması istənilib.  Diffamasiya iddiaları ilə bağlı “Azadlıq”, “Yeni Müsavat”,  “Xural” qəzetlərinə qarşı məhkəmə iddialarının çoxluq təşkil etdiyini deyən    X.Ağaliyev  jurnalistlərdən 2 700 000 AZN  təzminat istənildiyini deyib. Onun sözlərinə görə, jurnalistlərin üzərinə ümumilikdə 46 000 AZN-dən artıq  təzminat ödəmək vəzifəsi qoyulub. Jurnalistlərə qarşı iddia və şikayətlərin  müəlliflərinin  əksəriyyətinin məmurlar, millət vəkilləri, dövlət qurumlarının nümayəndələrinin olduğunu bildirib.

İnternet və ifadə azadlığı sahəsində də durumun dəyişməz qaldığını deyən natiq  burda da inhisarçılığın olduğunu, Azərbaycanda  internet xidməti göstərən 29 provayderin  əksəriyyətinin  dolayısı ilə  hökumətə bağlı qurumların nəzarəti altında çalışdığını vurğulayıb.

Bölgələrdə  internetin sürətinin və xidmət səviyyəsinin xüsusilə aşağı olduğu, domenlərin qeydiyyatında olduğu kimi  3-cü nəsil rabitə texnologiyaları üzərində (3G)də inhisarçılığın  hökm sürdüyü qeyd edilib.

Teleradio düzənləməsi sahəsində  ciddi  nöqsanların  bu il də aradan qaldırılmadığı, Azərbaycanda rəqəmsal  yayıma  keçidə əsaslı hazırlıq görülmədiyi,  2015-ci ilə qədər  yekunlaşdırılması planlaşdırılan bu sistemlə bağlı cəmiyyətə hərtərəfli bilgi verilmədiyi bildirilib.

Media Hüququ İnstitutunun rəhbəri  Rəşid Hacılı diffamasiya haqqında qanunun hələ də qəbul olunmadığını qeyd edərək, mülki diffamasiya ilə bağlı ciddi problemlərin olduğunu bildirib. Rəşid Hacılının sözlərinə görə  “Xural” qəzetinin çapının dayandırılması, qəzetin kollektivinə “Asi “qəzetinin  çap edilməsinə imkan verilməməsi  bu problemi  daha da qabardıb.

Bu ilin açıq qadağalar ili olduğunu vurğulayan jurnalist Şahvələd Çobanoğlu  hesabatda  Mətbuat Şurasının  işinə hüquqi qiymət verilməsinin də vacib olduğunu  deyib.

           

 

Previous Post

DEMOKRATİYA ÜÇÜN MUSİQİ KAMPANİYASININ SAYTI YARADILIB

Next Post

“GÜNDƏM XƏBƏR” QƏZETİNİN BAŞ REDAKTORU HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.