MEDİA QANUNVERİCİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Bu gün BMM-də Media Hüquq İnstitutu “Media Qanunvericiliyi: yenidənqurma ideyaları” adlı kitabını jurnalistlərə və konfrans iştirakçılarına  təqdim edib.

MHİ tərəfindən hazırlanan layihədə bir neçə qanunlar nəzərdən keçirilib və qanunvericiliyin inkişafına dair təkliflər verilib. Kitabda ifadə azadlığı haqqında, yəni məzmunun tənzimlənməsi ilə bağlı qanun, jurnalist qaynaqlarının gizliliyinin qorunması haqqında və Televiziya və Radio tezliklərinin tənzimlənməsi haqqında qanun layihəsinin hazırlanması təklif olunub. Konfransı açan MHİ-nun rəhbəri Rəşid Hacılı kitabda yer alan məsələlərlə bağlı geniş izahatlar verdi. O bildirdi ki, “bu gün vacib saydığınız məsələlərdən biri jurnalist informasiya mənbələrinin qorunmasıdır. Doğurdan da Azərbaycanda bununla bağlı  çox ciddi problemlər var. Mənbəyi qorunmayan jurnalist effektiv fəaliyyət göstərə bilməz. Özünün agentura şəbəkəsi olmayan polis cinayətkarlara qarşı mübarizə apara bilməz. Özünün  gizli informasiya qaynaqları olmazsa  gerçək söz azadlığından söhbət gedə bilməz. Hər bir redaksiyanın və jurnalistlərin gizli informasiya mənbəyinin olması çox önəmli rol oynayır. Belə olmazsa jurnalistlər çox ciddi faktlar əldə edə bilməzlər”.
“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması faktına toxunan Hacılı 2003-cü ildə prezident seçkilərində 100 jurnalistin xəsarət aldığını, lakin bu jurnalistlərdən birinin Sahil Kərimlinin işi barədə istintaq aparıldığını vurğuladı. Bütün təzyiqə məruz qalmış jurnalistləri, onlara qarşı edilən bu hərəkətlərin cəzasız qalmasını xatırladan Hacılı bütün jurnalistlərin həmrəyliyə böyük ehtiyacı olduğunun vurğuladı.   Hamının bir yerdə bu qanunların qəbul edilməsi istiqamətində çalışmağı, müzakirələr aparmağı, beynəlxalq təşkilatları bu məsələyə cəlb etməyin yollarını müzakirə etməyi təklif etdi.
Tədbirdə iştirak edən ABACEELİ-nin nümayəndəsi Ketrin Larsen çıxışı zamanı vurğuladı ki, “Amerika perspektivi baxımından jurnalistlərə informasiya verən mənbələrin qorunması cəmiyyət üçün çox böyük rol oynayır. Məhkəmə prosesləri göstərir ki, jurnalistlərin həyatı  və onların mənbələri tam olaraq qorunmalıdır. Əgər bu toxunulmazlıq, məxfilik qorunmazsa bu cür mənbələr susdurulacaq. Bu jurnalistləri informasiya aldığı mənbənin qorunması,  mətbuatın ictimai maraqlara xidmət etməsi üçün ən mühüm vasitələrdən biridir”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qeyd etdi ki,  “Azərbaycanda informasiya mənbələrinə çıxış kifayət qədər problemlidir. Azərbaycanda bu cür qanunvericilik qanunlarının qəbul olunması zamanın tələbidir. Bu çoxdan olmalı idi. Azərbaycanda informasiya dolayısı yollarla alınır. Verilməli olan informasiyalar verilmir”.
Sonda R. Hacılı  qanun layihələrinin yaxın günlərdə Milli Məclisə də təqdim olunacağını vurğuladı.

Previous Post

BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Next Post

ZAHİDOV HƏBSXANADAKI HƏYATI İLƏ BAĞLI KİTAB YAZMAĞA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.