MEDİA HÜQUQU İNSTİTUTU HESABAT AÇIQLADI

Bu gün (17 may) Media Hüququ İnstitutu (MHİ) Azərbaycan Media Mərkəzində “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə informasiya sahibi hesab olunan qurumların yazılı sorğuları icra etməsi durumunun araşdırılması və dövlət qurumlarının internet saytlarının monitorinqinə dair hesabatını təqdim etdi.

Tədbiri giriş sözü ilə açan MHİ rəhbəri Rəşid Hacılı bildirdi ki, təqdim olunan hesabat 2005-ci ildən başlayaraq Bilgi Azadlığı sahəsində apardığı araşdırma, tövsiyələr hazırlanması, ictimai mənafelərin müdafiəsi və maarifləndirmə işinin davamıdır.  O həmçinin bu hesabatın 2009-cu ilin sentyabrından bəri olan dövrü əhatə etdiyini qeyd etdi.

MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev isə araşdırmalar başlayan vaxtdan müxtəlif dövlət qurumlarına 350 informasiya sorğusu göndərildiyini, bunlardan 188-nin (53.7%) cavablandırıldığını bildirdi. Bunun “İnformasiya əldə etmək haqqında” qanunun qəbul edilməsindən sonra MHİ-nin apardığı araşdırmalara görə ən yüksək nəticə olduğunu vurğulayan X. Ağəliyev, əvvəlki illərdə 40 %-dən yüksək göstərici olmadığını əlavə edib.

X. Ağəliyev 30 dövlət qurumunun saytlarının da monitorinqinin aparıldığını və burda da kifayət qədər problemlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, monitorinq edilən saytların heç biri informasiyanın yüksək açıqlığını təmin edə bilməyib.

Tədbirdə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektorunun rəhbəri Əli Kərim monitorinqlərin aparılmasının əhəmiyyətli olduğunu və müəyyən olunan çatışmazlıqların aradan qaldırılmasına çalışacaqlarını bildirdi.

Previous Post

SUBASMA ZONASINDA VƏZİYYƏT AĞIR OLARAQ QALIR

Next Post

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.