“MİLAZ” SAYTININ FƏALİYYƏTİNƏ İMKAN VERİLMİR

sentyabr 22nd, 2011
Bu gün (21 sentyabr) Hərbiçilərin Hüquqlarını Müdafiə Mərkəzində “Milaz.info” saytının təsisçiləri saytın   fəaliyyətində  yaranan problemlərlə əlaqədar mətbuat konfransı keçirdi.

Saytın həmtəsisçisi, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərli saytda problemlərin 11 sentyabr 20011-ci il tarixdən günorta saatlarından etibarən başlandığını  bildirdi:  “Saytımız 2007-ci ilin 2 oktyabr tarixindən fəaliyyətə başlayıb. Yaradıldığı vaxtdan saytımız öz fəaliyyətində daima məhdudiyyətlər yaşayıb. Ən pis vəziyyət isə 2009-cu ildə olmuş və sayt bir həftə müddətində  tamamilə iflic duruma düşmüşdü. Orduda baş verən xoşagəlməz hallarla bağlı son vaxtlar  saytda mütəmadi olaraq  məlumatlar yer aldığına və Müdafiə Nazirliyinin fəaliyyəti tənqid olunduğuna görə hesab edirəm ki, yaradılan problemlərin arxasında Müdafiə Nazirliyinin rəhbərliyi dayanır”.
Y.Cəfərli məsələ ilə bağlı hələ ki, tutarlı fakta  malik olmadıqlarını və hakerlərin hücumlarının qarşısının alınması üçün iş apardıqlarını dedi. ATMİA-nın prezidenti  azad mətbuatın dəstəklənməsində maraqlı olan iş adamlarına  səslənərək, saytın bundan sonra daha təhlükəsiz fəaliyyət göstərməsi üçün donor dəstəyinin vacib olduğunu vurğuladı.
“Milaz.info” müstəqil hərbi saytın baş redaktoru Cəsur Sümərinli də bütün baş verənlərin ordudakı gərginliklə bağlı informasiyaların mətbuata çıxmasının qarşısını almaq məqsədi daşıdığını,  informasiyanı mətbuata ötürən şəxsləri cəzalandırmaq və mətbuatın özünü susdurmaq məqsədilə bir çox redaksiyalara müəyyən məbləğlərin vəd edildiyini, eləcə də müəyyən vəsait hesabına  bir sıra mətbuat orqanlarının ordu mövzusunu kənara atdıqlarından təəssüfləndiyini bildirdi. C. Sümərinli  baş verənlərlə bağlı  yaxın vaxtlarda hüquq mühafizə orqanlarına müraciətlər ediləcəyini dedi.