“GÜNDƏLİK BAKI” QƏZETİNİN VƏSATƏTİ TƏMİN OLUNUB

Dünən (21 may) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə “Əşrəfi” firmasının rəhbəri Əşrəf Zeynalovun “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən “Gündəlik Bakı” qəzetinin şef redaktoru Ədil Hüseynlin sözlərinə görə, iddiaya səbəb “Gündəlik Bakı” qəzetinin dərc olunan silsilə  yazılar olub.
İddaçı tərəfin nümayəndəsi Əşrəf Zeynalov hesab edir ki, dərc olunan yazılarla bağlı rəhbəri olduğu “Əşrəfi” firmasının işgüzar nüfuzuna, həmçinin özünün şərəf və ləyaqətinə ziyan dəyib. Belə ki, Əşrəf Zeynalov həm işgüzar nüfuzuna, həm də şərəf və ləyaqət məsələsinə görə, ayrıca iki iddia ilə məhkəməyə müraciət edib və qəzetdə yazılanların təkzib edilməsini, o cümlədən dəymiş mənəvi ziyanla əlaqədar hər iddia ərizəsinə görə qəzetin 1 milyon manat cərimələnməsini tələb edir.
Qeyd edək ki, əvvəlki məhkəmə prosesləri zamanı “Gündəlik Bakı” qəzetinin nümayəndəsi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin tərtibatında bir sıra qanun pozuntularının olduğunu məhkəmənin diqqətinə çatdırmışdı və tələb etmişdi ki, iddiaçının kimliyini və yaşayış yerini göstərən sənəd məhkəməyə təqdim olunsun. Ötən gün isə iddiaçı tərəfin nümayəndəsi Tofiq Aslanov məhkəməyə iddiaçının yaşayış yeri barədə sənəd təqdim etdi. Hakim Talışınski bildirdi ki, Vergilər Nazirliyinə(VN) ünvanlanmış sorğuya cavab gəlib və göstərilib ki, “Əşrəfi” firması ixtisaslaşdırılmış topdansatış mərkəzi kimi fəaliyyət göstərir. Beləliklə cavabdeh tərəfin nümayəndəsi  Ceyhun Cəfərov vəsatətin mahiyyəti ilə bağlı məlumat verərkən məhkəmədən xahiş etdi ki, əgər məqalədə şərəf və ləyaqətə toxunan cümlələr varsa, bunun üçün linqivistik ekspertiza təyin olunsun və məsələyə onlar qiymət versinlər. İddiaçı tərəfin nümayəndəsi Tofiq Aslanov bildirdi ki, “Əşrəfi” firması barədə göstərilən cümlələrin hamısı şərəf və ləyaqətin alçaldılmasıdır. 
“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev məhkəmənin diqqətinə çatdırdı ki, eyni məqaləyə görə, 6-7 yerdən məhkəməyə verilməklərinə baxmayaraq,  bir neçə məhkəmə iclasında iddiaçının əleyhinə qərarlar çıxarılıb. Bir neçə iddia ərizəsi üzrə ekspertizanın təyin olunduğunu deyən H.Vəliyev hesab edir ki, bu iddia ərizəsi üzrə də məhkəmə linqivistik ekspertizası təyin olunmalıdır. Ekspertiza rəyi təyin olunduqdan sonra qəzetdə yazdıqlarını sübut edəcəklərini vurğulayan baş redaktor qəzetdə yazılanlarla bağlı əllərində faktların olduğunu bildirib. Tərəfləri dinlədikdən sonra hakim F.Talışınski vəsatətin təmin olunduğunu elan etdi.  Ekspertizanın rəyindən sonra növbəti məhkəmə prosesinin vaxtı müəyyən olacaq.
Previous Post

SƏYYARƏ HEYDƏROVANIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AZƏR ƏHMƏDOVUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.