MƏHKƏMƏ HÜSEYNOV BARƏSİNDƏ QƏRƏZLİ QƏRAR ÇIXARDI

Bu gün Ağr Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynova qarşı irəli sürülmüş ittiham üzrə son məhkəmə prosesi keçirildi.

Hakim son çıxış üçün tərəflərə söz verdi. Birinci dövlət ittihamçısı çıxış edərək, bildirdi ki, Müşfiq Hüseynov ona qarşı irəli sürülmüş ittiham üzrə məhkum edilməlidir. İstintaq və məhkəmə araşdırması zamanı jurnalistin cinayətkar əməllərinin sübut olunduğunu bildirən ittihamçı hakimdən Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Daha sonra Hüseynovun vəkili Vüqar Xasayev çıxış etdi. O bildirdi ki, “Cinayət Məcəlləsinin 308-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) qeyd hissəsində vəzifəli şəxsin anlayışı verilib. Orada göstərilir ki, vəzifəli şəxslər dedikdə, daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən yaxud dövlət orqanlarında, yerli özünü idarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Gəlin baxaq görək, Müşfiq Hüseynov qəzetdə kim olub? Onun qəzetdə müxbir olmasını göstərən vəsiqə belə yoxdur, o sadəcə qəzetə məqalələr verib. Həbs olunan zaman da Hüseynovun  üzərindən onun fərdi sahibkar olması haqqında sənəd və vergi orqanlarından aldığı VÖEN çıxıb. Amma sonradan istintaq materiallarının arasına möhür və imza olmadan Hüseynovun qəzetdə redaktor olduğunu göstərən vəsiqə salınıb. Bu vəsiqənin ora necə düşdüyünü, vəsiqədə möhür və imzanın olmamasını aydınlaşdırmaq üçün qəzetin baş redaktoru Bahəddin Həziyevin məhkəmədə şahid kimi dindirilməsini xahiş etsək də, bu vəsatətimiz təmin edilmədi. Bütün bunlar onu göstərir ki, məqalənin qəzetdə çap olunub-olunmaması məsələsini həll edən şəxs olmayıb və belə səlahiyyətləri də olmayıb. Yəni Hüseynovu vəzifəli şəxs kimi məsuliyyətə cəlb edə bilmərik. Ikinci məsələ ondan ibarətdir ki, pul təşəbbüsü Hüseynov tərəfindən göstərilməyib və o pul tələb etməyib. Əgər Hüseynov 12 iyun 2007-ci il tarixdə Rizvan Əliyevdən pul tələb etmişdisə, onda niyə o dərhal hüquq-mühafizə orqanlarına müraciət etməmişdi. Ümumiyyətlə Hüseynovun həbsi bütün KİV-ə və jurnalistlərə qarşı qurulan bir oyun idi. Onun həbsi ərəfəsində həbs edilmiş digər jurnalistlərin azadlığa buraxılması üçün kütləvi basqılar var idi. Və həmin basqıların aradan qaldırılması üçün bu oyun quruldu. Biz ortada pul məsələsinin olmasını dana bilmərik. Hüseynovu nazirin ailəsi haqqında yazıların veriləcəyinə inandırıblar, yəni burada milli mentalitetdən istifadə ediblər. Rizvan Əliyev Hüseynovla söhbətində dəfələrlə təhrik xarakterli çağırışlar edib. Məsələn o bir yerdə bildirir ki, bu pullar ona çatacaq, bəs sənin özünə? Müşfiq Hüseynovun əməllərində heç bir cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir”. Hüseynovun digər vəkili Ramiz Musayev çıxışında vurğuladı ki, “cinayət işinin materialları arasında fonoskopik ekspertizanın rəyi var, həmin rəydə də Hüseynovun rüşvət tələb etməsi haqqında heç bir sübut yoxdur. Əksinə Rizvan Əliyevin rüşvət vermək istəyini göstərən sübutlar var. Ona görə də R.Əliyevin vəzifəli şəxs olmasını və onun rüşvət verdiyini nəzərə almaq və onun barəsində materialları aidiyyatı üzrə prokurorluğa göndərmək lazımdır”.    
Bundan sonra M. Hüseynov son sözlə çıxış etdi. Onun son çıxışı ayrıca materialda təqdim olunacaq və www.irfs.az ünvanında yerləşdiriləcək.
Çıxışlardam sonra hakim müşavirəyə çıxdı və müşavirədən qayıtdıqdan sonra hökmü oxudu. Hökmə əsasən Hüseynov cəzasını ümumi rejimli koloniyada çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edildi. Eyni zamanda o azadlığa çıxdıqdan sonra 2 il müddətinə jurnalist kimi fəaliyyət göstərmək hüququndan məhrum edilib

Previous Post

EYNULLA FƏTULLAYEV BAYIL TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.