Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti son günlər kəskinləşmişdi. Vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım bundan əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürmüşdü.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.