MİLLİ MƏCLİS SƏDRİ JURNALİSTİN AZAD OLUNMASININ ƏLEYHİNƏ ÇIXIB

Milli Məclisin bu gün (25 dekabr) keçirilən iclasında deputat Cəmil Həsənli parlament sədri Oqtay Əsədova üz tutaraq həbsdəki jurnalistlər və bloqçuların azadlığa buraxılmasına yardımçı olmasını istəyib:

“Jurnalistlərin, bloqçuların həbsi beynəlxalq problemə çevrilib və Azərbaycanın imicinə ciddi zərbə vurur. Sizdən xahiş edirəm ki, Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov, Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması üçün öz nüfuzunuzdan istifadə edəsiniz, prezidentə müraciət ünvanlayasınız ki, onlar azadlığa buraxılsın”.
“Mediaforum” saytının məlumatına görə, Oqtay Əsədovun deputata cavabı belə olub: “Hamı haqqında müraciət edə bilərəm. Yalnız bir nəfərlə bağlı müraciət edə bilmərəm. Bu da Eynulla Fətullayevdir”.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə Avropa Parlamentinin bir neçə gün əvvəl çıxardığı qətnamədən danışıb. “Kimlərinsə həbsdən dərhal azad olunmasına, hansısa yayım şirkətini bərpa etməyə çağırırlar. İsrarlı çağırışlar azərbaycanlıların haqq-hüququna aid olsaydı, buna başqa cür yanaşmaq olardı. Ona görə də biz bu qətnaməyə cavab verməliyik, öz iradımızı bildirməliyik” – deyən V.Ələsgərov bildirib ki,  Avropa Parlamenti qoy bir dəfə də qaçqın, məcburi köçkün düşmüş insanları yada salsın, onların hüquqlarının qorunmasına dair qətnamə qəbul etsin.
Qeyd edək ki,  Avropa Parlamenti qətnamədə KİV azadlığının pisləşməsindən narahatlığını bildirərək, Azərbaycanda həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib. Qurum diffamasiya haqqında qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb, xarici radioların verilişlərinin yerli tezliklərdə yayımının bərpasına çağırıb.

Previous Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MÜŞVİQ HÜSEYNOV HƏBSDƏN AZAD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.