NMR DÖVLƏT ORQANLARI JURNALİSTLƏRİN İNFORMASİYA SORĞULARINA MƏHƏL QOYMUR

         Naxçıvan Muxtar Respublikasının dövlət qurumları jurnalistlərin informasiya sorğularına cavab vermir. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov «Jurnalistlərin Naxçıvan Muxtar Respublikasında informasiya əldə etmək təşəbbüsləri» mövzusunda araşdırma aparıb.

  Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının dövlət qurumları sorğulara cavab vermir və buna görə layihəni başa çatdırmaq və yekun hesabat hazırlamaq mümkün olmur.

               O qeyd edib ki, layihə çərçivəsində iki hesabat hazırlanması nəzərdə tutulur. Birinci hesabat noyabrın əvvəllərində hazırlanıb və burada Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının veb-saytlarının olub-olmaması ilə bağlı keçirilən monitorinqin nəticələri öz əksini tapıb. Monitorinq zamanı aşkar olunub ki, Naxçıvan Muxtar Respublikasının 40 dövlət qurumundan cəmi 5-nin veb-saytı var.

    Mövcud veb-saytlardan «ən normal fəaliyyət göstərən» Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet-resursudur.

            İnformasiya sorğularında saytların olmamasının səbəbləri, sayt varsa, ondan istifadə fəallığının səviyyəsi barədə məlumat istənilib.

             Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə də məhbusların vaxtında əvvəl azad edilməsi ilə bağlı sorğu göndərilib. Naxçıvan şəhər icra hakimiyyətindən kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə məlumat istənilib.

            Lakin üç ay ərzində 25 sorğuya bir cavab belə gəlməyib. «Bu, layihənin tamamlanmasını gecikdirir, belə ki, yekun hesabat hazırlamağa imkan vermir», deyə Cəfərov bildirib.

            O, informasiya əldə etmək hüququnun təmin edilmədiyi üçün Naxçıvan  Muxtar Respublikasının dövlət orqanlarına qarşı məhkəmə iddiaları qaldırmağa hazırlaşır. İlk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qarşı iddia qaldırılacaq. Belə ki, nazirlik digər idarələrin veb-saytlarının yaradılmasını təmin etmir. İkinci iddia Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə qarşı veriləcək. Hazırda məhkəmə iddiaları hazırlanır, deyə Cəfərov qeyd edib. O, həmçinin bildirib ki, bu məhkəmə proseslərinin Naxçıvanda deyil, Bakıda keçirilməsini vacib sayır.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AİP SƏDRİ BARƏSİNDƏ 3 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.