Bu gün (21 yanvar) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirildi.
İddiaçının nümayəndəsi Yaşar Ağazadə iddiada yeni əlavənin olduğunu bildirərək, “Türk Hava Yolları”nın əlavə cavabdeh kimi prosesə cəlb edilməsi barədə vəsatət qaldırdı.
Hakim vəsadəti təmin edərək növbəti prosesi 4 fevral saat 09:30-a təyin etdi.
Xatırladaq ki, R. Cəfərov Beynəlxalq Ədalət Körpüsü təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itirilib.