“İnsan Hüquqları və Mətbuatın Monitorinqi” İctimai Birliyi dövlət qeydiyyatına alınmamağı ilə bağlı Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyini məhkəməyə verib. Belə ki, təşkilatın qeydiyyat üçün nazirliyə etdiyi müraciətə 3 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də cavab verilmir. Bu haqda məlumatı bu gün(21 sentyabr )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın həmtəsisçiləri – Həkimeldostu Mehdiyev və Elman Abbasov verib.
E.Abbasovun sözlərinə görə, Muxtar Respublika Ədliyyə Nazirliyinə qanunvericiliklə tələb olunan bütün sənədləri təqdim ediblər və təqdim etdikləri sənədlərin hamısı qanunvericiliyin tələblərinə uyğun olub.
“Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyi bizim qanunla müəyyən olunmuş müddətdə ərizəmizə baxmamaqla Azərbaycan Respublikası Konstitusiyanın 58-ci maddəsində nəzərdə tutulan birləşmək hüququmuzu pozub. Bundan başqa nazirlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq İctimai Birliyin sənədlərini tələb olunan vaxt ərzində geri qaytarmadığına görə həmin qanunun 8.5-ci maddəsinə görə ona dövlət qeydiyyatı haqqında şəhadətnamə verməli idi. Lakin göründüyü kimi, nazirlik qanunun tələblərini kobud şəkildə pozaraq ərizəyə ümumiyyətlə cavab verməyib”, – deyə E.Abbasov vurğuladı.
QHT-nin qeydiyyati ilə bağlı yaranmış problemə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində münasibət bildirən olmadı.
Xatırladaq ki, “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyi 2010-cu ilin may ayının 5-də təsis edilib və 20 may 2010-cu il tarixdə dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.