NAXÇIVAN “DEMOKRATİYA VƏ QHT-İN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNİN BƏYANATI

2009-cu il dekabrın 15-də “Demokratiya və QHT-ın İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov Naxçıvan Dövlət universitetinin təxminən 200 metr yaxınlığındakı ərazidə saat 12:15-də tələbələr arasında ali məktəbdə korrupsiyanın vəziyyətinin öyrənilməsi məqsədilə sorğular keçirərkən bir qrup müəllimin (Məmməd Rzayev və Elman Cəfərli)  və müəllimlər tərəfindən təlimatlandırılmış çoxlu sayda tələbənin hücumuna və fiziki təzyiqinə məruz qalıblar.

Yuxarıda adları qeyd edilən əməkdaşlarımız döyülərək xəsarət almalarına baxmayaraq hadisə günü Naxçıvan səhər polis idarəsində və Naxçıvan MR DİN-də edilən şikayətlərə baxılmayıb. 16 dekabr tarixdə Naxçıvan şəhər Prokurorluğuna və Naxçıvan MR DİN-ə yazılı şikayət ünvanlanıb. Şikayətdən iki gün sonra dekabrın 18-də İ.Nəsibov və V.Eyvazov Naxçıvan MR DİN-də 12:00-dan 17:30-dək nazirliyin müstəntiqi Hikmət Əliyevə ifadə veriblər.
Elə həmin gün prosesin araşdırılması başa çatmamış Naxçıvan MR DİN-nin mətbuat xidmətinin və Bakıdakı Naxçıvan nümayəndəliyinin hadisə ilə bağlı məlumatı yayılıb. Məlumat yerli rəsmi orqan olan “Şərq qapısı” qəzetinin 18 dekabr sayında və digər mətbu orqanlarda dərc edilib. Məlumatda Resurs Mərkəzinin, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitut”unun (RATİ) əməkdaşları haqda qərəzli, təhqiredici və böhtan xarakterli ifadələr yer alıb. Məlumatda daha da irəli gedilərək “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi”nin qeydiyyatı olmadan qanunsuz fəaliyyət göstərməsi bildirilir.

Qeyd edirik ki, Resurs Mərkəzi 2004-cü il oktyabrın 26-da Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət göstərməkdədir.

“Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi” İctimai Birliyi bəyan edir:

   1. Naxçıvan MR DİN-də  hadisə ilə bağlı araşdırma yenicə aparıldığı  bir zamanda həmin Nazirliyin mətbuat xidmətinin və Bakıdakı Naxçıvan nümayəndəliyinin yaydığı qərəzli məlumat bizdə Naxçıvan MR DİN-nin hadisəni obyektiv araşdıracağına şübhə yaradır;
   2. Bu ərəfədə Naxçıvan MR Vergilər Nazirliyinin “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi”nin yoxlamaq tələbi Resurs Mərkəzinin saxta bəhanələrlə qeydiyyatının ləğv olunması ilə nəticələnə bilər;
   3. Naxçıvan MR-da yeganə demokratik təsisat olan “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin planlı şəkildə sıradan çıxarılması şübhələrini artırır;
   4. Demokratiya və İnsan haqlarına dəyər verən bütün yerli və beynəlxalq təşkilatlara Naxçıvanda baş verən bu cür neqativ hərəkətlərə ciddi reaksiya verməyə çağırırıq. Əks təqdirdə Naxçıvanda demokratiya və insan haqları sahəsindəki vəziyyət daha da acınacaqlı olacaq.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ŞİDDƏTLƏNİB

Next Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya mehkemesi 22.12.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.