NAXÇIVAN GÖMRÜYÜ JURNALİSTLƏRİN VİDEO, FOTO KAMERASINI VƏ DİKTOFONUNU ƏLLƏRİNDƏN ALIB

Aprelin 4-də Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük keçid
məntəqəsində  Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun
(RATİ) bölgə  müxbirləri Həkimeldostu Mehdiyev və  Elman Abbasovun
diktofon, fotoaparat və videokamerasını əllərindən alıblar.

Hadisə
jurnalistlər Türkiyədən ezamiyyətdən qayıdarkən baş verib.
“Son zamanlar vətəndaşlar gömrükçülərin hərəkətlərindən şikayət
edirlər. Hadisəni yerində öyrənmək məqsədilə şikayətləri yoxlamaq üçün
sərhədi keçmək qərarına gəldik. Gedəndə bizi saxladılar və 20 manat
“rüsum” tələb etdilər, halbuki, Culfa gömrük məntəqəsində bunu
istəmirlər. Gömrük əməkdaşları öz dediklərinin üstündə durdular və biz
də xidməti məqsədimizin naminə pulu verdik”, –  deyə H.Mehdiyev qeyd
edib.
Jurnalistlər geri qayıdarkən onları bir neçə dəfə yoxlayıblar, lakin
onların yükü qanun normalarına uyğun olub. Bununla belə, qaçaqmalçılıq
şöbəsinin rəisinin iştirakı ilə diktofon, fotoaparat və videokameranı
əllərindən alıblar, onları həmin əşyaların deklarasiyada
göstərilməməsində ittiham ediblər.
E.Abbasov deyib ki, bu, qanunsuzdur, çünki aparatura təzə deyil.
Bundan əlavə, gömrükçülərdən heç kim həmin əşyaların deklarasiyada
göstərilməsini tələb etməyib. Nəhayət, 1000 dollara kimi dəyəri olan
əşyalar deklarasiyada göstərilmir.
Sonra gömrükçülər gömrük haqqındakı tənqidi yazıları jurnalistlərin
yadına salıblar. Bu gün jurnalistlər NMR Dövlət Gömrük Komitəsinə
gediblər, Daxili Təhlükəsizlik İdarəsinin müfəttişi Rasim Əliyevlə
görüşüblər.  Lakin aparaturanı jurnalistlərə qaytarmayıblar,
bildiriblər ki, onların müraciətinə baxılacaq.
NMR DGK-nın rəhbəri Məhəmməd Seyidov jurnalistləri gömrükçülərin
korrupsiya faktlarından şikayət edən iş adamı Məhəmməd Qurbanovun
hüquqlarını müdafiə etməkdə ittiham edib.
H. Mehdiyev və E. Abbasov həmçinin bildiriblər ki, son vaxtlar
vətəndaş cəmiyyəti fəallarının ətrafında dözülməz vəziyyət yaranıb.
“Məktəblərdə uşaqlarımızı rahat buraxmırlar. Qohumlarımıza,
tanışlarımıza təzyiq göstərirlər ki, bizimlə ünsiyyət qurmasınlar”, –
E.Abbasov vurğulayıb.
Previous Post

“XƏYAL” TV-nin ƏMƏKDAŞLARI HƏLƏ DƏ DİN MCMİ-DƏ TƏZYİQ ALTINDA SAXLANILIRLAR

Next Post

RATİ-NİN JURNALİSTLƏRİN NAXÇIVAN GÖMRÜYÜNDƏ AVADANLIQLARININ MÜSADİRƏ EDİLMƏSİNƏ DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.