MÜSAHİBƏ VERDİYİNƏ GÖRƏ NAXÇIVAN ALİ MƏCLİSİNİN DEPUTATINA QARŞI TƏZYİQLƏR BAŞLANIB

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayon Cəhri kənd bələdiyyəsinin sədri, Naxçıvan MR Ali Məclisinin üzvü Zahid  İsmayılov əkin sahələrinin suvarılmasında mövcud olan problemlər barədə  mətbuata verdiyi açıqlamadan sonra təzyiqə məruz qalıb. Bu barədə RATİ-nin Naxçıvandakı bölgə müxbirlərinə Zahid  İsmayılovun özü məlumat verib.

Onun sözlərinə görə, iyulun 23-də Babək rayon Cəhri kəndində olan problemlərlə bağlı mətbuata məlumat verdikdən bir neçə saat sonra, onun şəxsi mülkiyyətinə aid olan obyektə 3 nəfər hücum edərək, heç bir sənəd təqdim etmədən, həm Z.İsmayılovu, həm də işçilərini cinayətdə ittiham edərək, üzərlərində axtarış aparıb. Ciblərində olan pulları müsadirə edərək götürdükdən sonra deputatın yanındakı işçilərə deputatla qumar oynadıqları haqda izahat yazmaları üçün hədə-qorxu gəlinib. Bu, nəticəsiz olduqda işçilər sutkadan artıq həbsdə saxlanılıb.
Z.İsmayılov özlərini təqdim etməyən şəxslərin Babək rayon Milli Təhlükəsizlik İdarəsinin işçiləri olduğunu vurğulayıb: “Məsələ ilə bağlı Ali Məclisin sədri Vasif Talıbovla görüşmək istəsəm də, bəzi qüvvələr buna şərait yaratmırlar. İnanıram ki, xəbəri olsa, V.Talıbov bu işə əncam çəkəcək” – deyən Z.İsmayılov bu hadisənin məhz verdiyi müsahibəyə görə baş verdiyini deyib.  
RATİ əməkdaşları məsələ ilə bağlı Babək rayon Milli Təhlükəsizlik İdarəsinə dəfələrlə zəng etsələr də, suallarını cavablandıran olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl bələdiyyə səlahiyyətləri əlindən alındığı və bu səbəbdən kəndin heç bir problemini həll edə bilmədiyi üçün bələdiyyə sədrliyinə aid vəsiqə, möhür və ştamp ilə yanaşı, Z.İsmayılov deputat mandatını da etiraz olaraq Babək rayon icra hakiminin üstünə atmış və deputat Ali Məclisin iyulun 30-da keçirilən son sessiyasına dəvət edilməmişdi.  Bununla bağlı Z.İsmayılov RATİ-yə bildirib ki, bələdiyyə sədrliyindən imtina etsə də, deputat mandatından rəsmi imtina etməyib.

Previous Post

“AMNESTY İNTERNATIONAL” NOVRUZƏLİ MƏMMƏDOVUN SƏHHƏTİNDƏN NARAHATDIR

Next Post

GƏNC FƏAL AĞASİF ŞAKİROĞLU HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.