MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI YENƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

avqust 5th, 2010

Bu gün (05 avqust) Səbail rayon məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi  ilə “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadənin Milli Televiziya və Radio Şurasına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçılar iştirak etsələr də, cavabdeh tərəfin nümayəndəsi yenə də iştirak etmirdi.

 

Prosesin əvvəlində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları prosesdə foto və videoçəkiliş aparılmasına icazə verməsi ilə bağlı hakimə yazılı müraciət təqdim etsə də, hakim heç kimin fikrini soruşmadan çəkilişə icazə verilmədiyini bildirdi. İddiaçı Yaşar Ağazədə bununla bağlı etirazında bildirdi ki, müraciətə əsasən hakim tərəflərin fikrini soruşmalı və icazə vermədiyi təqdirdə səbəbini əsaslandırmalıdır. O, vurğuladı ki, bu proses cəmiyyət və ictimaiyyət üçün maraq kəsb etdiyi üçün, foto və videoçəkilişin aparılmasına etiraz etmirlər.  Hakim isə məhkəmə prosesi barədə reportaj hazırlanmasının ictimaiyyətdə mənfi rəy yaradacağını deməklə kifayətləndi.

 

 Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 176.5-ci maddəsinə əsasən, “işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə qeydə almaq hüququ vardır. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya canlı yayıma (o cümlədən mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər”.

 

 Daha sonra hakim cavabdeh tərəf iştirak etmədiyi üçün işə mahiyyəti üzrə baxılıb-baxılmaması ilə bağlı iddiaçıların fikirlərini soruşdu. İddiaçılar cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirdilər. İddiaçılardan biri Yaşar Ağazadə bildirdi ki, MTRŞ-nin nümayəndəsinin xəbərdarlıq etmədən proseslərə qatılmaması səbəbilə proses 5 dəfə təxirə salınıb. Digər iddiaçı Rəsul Cəfərov da məhkəmə prosesi ilə bağlı bildirişin MTRŞ-də qəbul olunması ilə bağlı sənədi hakimə təqdim etdi.

 

Hakim MTRŞ ilə telefon əlaqəsi saxlanılacağını və məhkəmə prosesində iştirakla bağlı onlara xəbərdarlıq ediləcəyini deyərək,  məhkəmə prosesinin növbəti və sonuncu təxirə salındığını bildirdi. O MTRŞ-nin növbəti dəfə iştirak etmədiyi halda işə cavabdehin iştirakı olmadan baxılacağını vurğulayaraq, prosesi 16 avqust saat 15.30-a təyin etdi.

 

Qeyd edək ki, iddiaçılar Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.