İYUNUN 16-DA NEMƏT PƏNAHLIYA HÖKM OXUNULACAĞI GÖZLƏNİLİR

Bu gün (10 iyun) Nəsimi rayon Məhkəməsində  hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilənlər –  Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayev, N. Pənahlının vəkili Samir İsayev və C. Fərzullayevin vəkili Elçin Əliyev, eləcə də dövlət ittihamçısı Əsədulla Ramazanov iştirak edirdilər.
N. Pənahlının vəkili S. İsayev N. Pənahlıya elan olunan ittihamda cinayət tərkibinin olmadığını, həmçinin bu iş üzrə sübutların  yetərincə təhlil edilmədiyini və araşdırılmadığını dedi: “Qeyd etdiyim kimi bu işdə müdafiə tərəfin təqdim etdiyi sübutlar araşdırılmayıb. Məsələn, hər iki şəxs arasında mübahisə predmeti olmuş avtomobil ekspertizadan keçirilməyib. Bundan başqa, baxmayaraq ki, hadisə baş verən ərzidən 30 metr uzaqlıqda polis əməkdaşları olub, amma onlar  baş verənlərə müdaxilə etməyiblər. Həmçinin şahid ifadələrində də  ziddiyətli məqamlar var. Odur ki, N. Pənahlının dərhal azadlığa buraxılmasını və cinayət işini qaldıran müstəntiq barədə də xüsusi qərardadın çıxarılmasını məhkəmədən xahiş edirəm”.
C. Fərzullayevin vəkili E. Əliyev də hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamın tam əsassız olduğunu və ona bəraət verilməsini hakimdən xahiş etdi.
Daha sonra təqsirləndirilən şəxslərə son sözlərini demək imkanı verildi. C. Fərzullayev hadisə baş verən vaxt  bu işə şahid qismində qatıldığını və ona elan edilən ittihamda özünü təqsirli bilmədiyini dedi.
N. Pənahlı isə son sözlərini demək üçün hakimdən vaxt istəsə də, dövlət ittihamçısı Ə. Ramazanov bunun yalnız süni vaxt uzatmaq məqsədi daşıdığını bildirdi.
Hakim E. Əhmədov N. Pənahlının son çıxışına hazırlanması üçün prosesi 16 iyun saat 10:00-a təyin etdi.  
          Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzullayev  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olub. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun  həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 10 İYUN 2011

Next Post

DİFFAMASİYAY GÖRƏ CİNAYƏT TƏQİBİNƏ MƏRUZ QALAN VƏTƏNDAŞIN KASSASİYA ŞİKAYƏTİ QİSMƏN TƏMİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.