Yeni Hesabat: Azərbaycanda internet azadlığı davamlı təzyiqlər altında

oktyabr 24th, 2013

Azərbaycanda internet azadlığı təhlükə altındadır, internet fəalları və bloggerlərin təqib və təhdid olunması, məhdudlaşdırıcı qanunların qəbulu, internetə girişə maneələr və internetə siyasi motivli nəzarət hallarının sayında artım müşahidə olunur, deyə Onlayn İfadə koalisiyası bildirib.

Saxta Azadlıq: 7-ci İnternet İdarəçilik Forumundan Sonra Azərbaycanda İnternet Azadlığı adlı hesabatında qrup bildirir ki, internet azadlığına qarşı müxtəlif formada təhlükələr baş verir, belə ki, İnternet İdarəçilik forumundan sonra, xüsusilə də, 2013-cü il prezident seçkisi ərəfəsində, ilin ilk yarısında bir çox narahatedici hadisələr baş vermişdir.

Forumdan sonra Azərbaycanda onlayn ifadə azadlığına ən böyük zərbə internetdə diffamasiyaya görə cinayət məsuliyyəti yaradan qanunvericilik dəyişikliklərinin qəbul olunması olmuşdur.

İnternetdən tənqidi fikirlərini paylaşmaq üçün istifadə edən şəxslərin hökumətin hədəfinə çevrilməsi də ciddi təhlükə olaraq qalmışdır.

Adıçəkilən hesabat Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbərlik etdiyi və Azərbaycanın yerli ifadə azadlığını müdafiə təşkilatlarının konsorsiumu olan Onlayn İfadə Təşəbbüsünün nəşridir.  Hesabat Beynəlxalq Mediaya Dəstək (International Media Support) və Sərhədsiz Azad Mətbuat (Free Press Unlimited) təşkilatları ilə əməkdaşlıq şəraitində hazırlanmışdır.