
“Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Bu barədə oktyabrın 25-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktor müavini Rahim Hacıyev məlumat verib.
O bildirib ki, qəzetin bank hesabına həbs qoyulması Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin “Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlaması ilə bağlıdır.
“ ”Qasid” firması bizə olan borcunu ödəmədiyi üçün qəzetin də nəşriyyata 20 min manatdan artıq borcumuz var. Hesab edirəm ki, bu məqamda bank hesabına həbsin qoyulmasında məqsəd qəzetin fəaliyyətini məhdudlaşdırmaqdır”, deyə Hacıyev bildirib.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi 22 oktyabr 2012-ci il tarixində Azadlıq qəzetinin və eyni zamanda qəzetin əməkdaşı Ramin Dekonun Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovaya 32 min manat ödəməsi barədə qərar çıxarıb.