
Bu barədə RATİ-ə məlumat verən Novruzoğlunun sözlərinə görə, iddiaya səbəb “24 saat” qəzetinin 28 may 2008-ci il tarixli sayında “Rusiya İlyas İsmayılovun üstündən xətt çəkib” (Məqalədə İsmayılov separatçılarla əlaqəli olmaqda və Rusiyanın sifarişi ilə fəaliyyət göstərən siyasətçi olmaqda ittiham edilib – red.) başlıqlı məqalə olub. Lakin jurnalist bildirib ki, bu yazı ona məxsus deyil və ümumiyyətlə yazı dərc olunan tarixdə həmin qəzetdə çalışmayıb: “Mən hər hansı bir qəzetə yazı təqdim edərkən həmin yazının əlyazmasını öz imzamla təsdiqləyirəm. Belə bir yazını yazıb həmin qəzetə verməmişəm və bunu sübut edən heç bir əsas da yoxdur. Həm də, “24 saat” qəzetinin baş redaktoru İlham Tumas məhkəmə proseslərində iştirak edib və bu yazıya görə özü qarşı tərəfdən üzr də istəyib”.
Novruzoğlunun sözlərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə iki aya yaxındır ki, bu iş üzrə məhkəmə prosesini gedir. Özü isə mətbuatdan bu proses barədə xəbər tutub. Ona məhkəmə tərəfindən hər hansı bildiriş və ya çağırış təqdim edilməyib.
Baş məsləhətçi hesab edir ki, bu işin arxasında hüquq mühafizə orqanının yüksək çinli əməkdaşı durur: “Bu işin arxasında Milli Təhlükəsizlik Nazirliyinin Terrorizmə Qarşı Mübarizə İdarəsi, konkret olaraq nazir müavini Hilal Əsədov durur. Artıq bir neçə müddətdir ki, “Nota” qəzetində “Azərbaycan qurdlar süfrəsində” başlıqlı silsilə yazılarım dərc olunur. Bu yazıların dayandırmaq üçün mənə dəfələrlə xəbərdarlıqlar edilib və prezident seçkilərindən sonra məni həbs edəcəkləri ilə hədələyiblər. Bu iddia da məhkəməyə seçkilərdən bir gün sonra, 16 oktyabr 2008-ci il tarixində təqdim olunub”.
Qeyd edək ki, sabah (16 dekabr) saat 16:00-da bu Binəqədi rayon Məhkəməsində hakim M.Kazımovun sədrliyi ilə yuxarıda qeyd olunan iş üzrə məhkəmə prosesi keçiriləcək.