“GÜNDƏLİK BAKI” QƏZETİ İLƏ BAĞLI QAPALI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

dekabr 15th, 2008
Bu gün (15 dekabr) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə 21 saylı orta məktəbin direktoru Fərrux Ağasiyevin  "Gündəlik Bakı" qəzetinə qarşı qaldırdığı iddia üzrə qapalı məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçı tərəfdən Bakıxan Yusifov, cavabdeh tərəfdən isə qəzetin təsisçi və baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edib. Bu barədə RATİ-yə Ü.Cəfərov məlumat verib.
”21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubova da  "Gündəlik Bakı" qəzetinə qarşı eyni məqaləyə görə, eyni tələblə iddia irəli sürüb. Bu iş hakim Xəqani Məmmədovun icraatındadır. Biz vəsatətlə çıxış edərək bu iki işin bir icraatda birləşdirilməsini hakim Hacıyevadan  xahiş etdik. Hakim vəsatətimizi baxılması üçün qəbul etdi və bundan sonra prosesi təxirə saldı”, – deyə qeyd edən Ü.Cəfərovun sözlərinə görə, proses dekabr ayının 17-si, saat 14:30-da qaldırdıqları vəsatət barədə qərarın elan olunması ilə davam edəcək.
Xatırladaq ki, hər iki iddiaya "Gündəlik Bakı" qəzetinin 07 noyabr 2008-ci il tarixli 203 (274)-ci sayında "5-ci sinif şagirdi zorlandı" başlıqlı və "21 saylı orta məktəbin rəhbərliyi faktı gizlədir" yarım başlığı altında  dərc edilmiş məqalə səbəb olub.