“XURAL”IN MÜSADİRƏ OLUNMUŞ ƏMLAKINA SAHİB ÇIXAN OLMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının mayın 18-ə təyin olunmuş hərracı baş tutmayıb. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin müdiri İsgəndər Bayramov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, hərracın baş tutmamağına səbəb sifarişçi olmamağıdır.

Kompyuter dəstləri, diktofon, televizor, printer və digər texniki avadanlıqlardan ibarət olan əmlakın ilkin satış qiyməti 1430 manat məbləğində dəyərləndirilib. Əvvəlki hərracda (17 aprel) sifarişçi olmadığına görə bu qiymət 25 faiz aşağı salınmışdı.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə,

oktyabrın 19-da “Xural” qəzetinin əmlakı Nərimanov rayon məhkəmə icraçıları şöbəsi tərəfindən müsadirə olunub. 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunan “Xural” qəzetini mətbəələr dərc etməkdən  imtina etdiyinə görə, 2011-ci ilin oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

 

Previous Post

MÜDAFİƏ KOMİTƏSİ İLQAR RZAYEVİN HƏBSİNİ SİYASİ SİFARİŞ SAYIR

Next Post

“SƏHƏR” TELEKANALININ BAKIDAKI ƏMƏKDAŞI İLƏ BAĞLI PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.