MTRŞ YARANDIĞI GÜNDƏN HEÇ BİR RADİO TEZLİYİNƏ TENDER ELAN ETMƏYİB

yanvar 23rd, 2008
“5 illik fəaliyyəti ərzində MTRŞ heç bir radio tezliyinə tender elan etməyib”, bu barədə şuranın sədri N.Məhərrəmli şuranın 5 illiyinə həsr edilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O misal kimi, bir çox ayrı-ayrı ölkələrdə radioların sayının bəzən yüzlərlə və minlərlə olduğundan bu radioların yerli milli teleradio şuraları tərəfindən monitorinqlərin aparılmasında çətinliyin yarandığını bildirdi. “Biz də belə problemlərlə üzləşməməkdən ötrü radiolara lisenziyaları hələki vermirik. Tenderlərin  digər bir səbəbi isə radio sahəsində  kadr çatışmamazlığıdır. Tezliklə  MTRŞ radioların monitorinqini aparmaq üçün xüsusi avadanlıqlar alacaq. Avadanlıqları alıb, proqramlaşdırdıqdan sonra radiolardakı vəziyyətlə bağlı öz sözümüzü deyəcəyik. Hələ ki, biz radioların monitorinqini apara bilmirik. Amma bu sahədə özbaşınalığın, xaosun olmaması üçün addımlar atırıq”.  
RATİ hesab edir ki, Məhərrəmlinin dediyi sözlər əsassızdır. Düzgün cavab verməkdən və boyun qaçırmaqdan başqa bir  şey deyil. Sadəcə olaraq hakimiyyəti təmsil edən MTRŞ bilir ki, radio açmaq  telekanal açmaqdan daha ucuz başa gəlir. Beləki radiotezliyə tender elan olunarsa bu tenderə investisiya xərclərinin az olduğundan çoxlu sayda potensial iştirakçılar iştirak edə bilər. Beləliklə də ölkədə müstəqil radiolar yarana bilər, bu isə iqtidarın marağında deyil.  Hal-hazırda Azərbaycanda bütün telekanallar və radiolar demək olar ki hakimiyyətin nəzarətindədir. Azərbaycan əhalisinin bir qismi alternativ  ictimai-siyasi fikirləri  “BBC”,  “Azadlıq” və  “Amerikanın  səsi” radiolarında dinləyə bilər.