RATİ-nin “Lider” telekanalında nümayiş etdirilən “İflas” filmi ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) göndərdiyi müraciət Şuranın sədri Nuşirəvan Məhərrəmov (Məhərrəmli) tərəfindən cavablandırılıb.
Cavab məktubunda qeyd edilir ki, MTRŞ-nın əsas vəzifəsi televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdən ibarətdir. Yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti isə peşə müstəqilliyi əsasında həyata keçirilir.
“Audiovizual informasiyanın yayılmasında ictimai maraqlar olduqda, həmin audiovizual informasiyalar uşaqlara və yetkinlik yaşına çatmayanlara fiziki, əqli və mənəvi ziyan vura bilən kateqoriyalara aid edilmir. Buna görə də müraciətinizdə qeyd edilmiş hallarla əlaqədar “Televiziya və radio yayımı haqqında” Qanunun və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın tələbləri pozulmamışdır”, – deyə bildirilən cavab məktubunda digər pozuntularla bağlı məsələlərin məhkəmədə həll edilməli olduğu vurğulanır.
Xatırladaq ki, RATİ 29 aprel 2008-ci il tarixində “İflas” filminin nümayiş etdirilməsini pisləyən bəyanat yaymışdı. Bəyanatda teleradio yayımına nəzarət edən və müvafiq tədbirlər görmək səlahiyyətinə malik bir qurum kimi MTRŞ-ya çağırış öz əksini tapmışdı. RATİ Milli Televiziya və Radio Şurasını (MTRŞ) “İflas” filmini nümayiş etdirməklə yerli və beynəlxalq qanunvericiliyi pozan Lider TV-yə qarşı təxirəsalınmaz tədbirlər görməyə, habelə açıq şəkildə Azərbaycan mənəviyyatını və dəyərlərini təhqir edən və Azərbaycanın beynəlxalq imicinə zərbə vuran bu cür qeyri-qanuni verilişlərin nümayiş etdirilməsinə son qoymağa çağırırdı.
Bununla əlaqədar RATİ MTRŞ-ya müraciət ünvanlamış və filmlə bağlı MTRŞ-nin mövqeyini nümayiş etdirməsini xahiş etmişdi. Müraciətə RATİ-nin bəyanatı da əlavə olunmuşdu.