OMBUDSMAN APARATI RATİ-NİN MÜRACİƏTİNİ ARAŞDIRIB

fevral 11th, 2010
Dünən (10 fevral) Gədəbəy rayon sakini Sarıyeva Elminaz Eldar qızı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müraciət edərək, Prezident Administrasiyasına şikayət məktubu təqdim etmək istəyərkən polis təzyiqinə məruz qalması və həbs olunması ilə bağlı məlumat verib. Məsələ ilə bağlı RATİ sədri Emin Hüseynov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib.

Dünən günün sonunda Ombudsman Aparatından RATİ-yə müraciətin araşdırılması ilə bağlı məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, Ombudsman Aparatının əməkdaşları dərhal həmin polis  bölməsində olmuş, sözügedən məsələni araşdırmışlar. Belə ki, E. Sarıyeva ilə görüş zamanı, polis bölməsində olduğu zaman ona hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Onun bədəninə baxış zamanı xəsarət aşkar edilməmiş, yalnız sol əlinin ikinci barmağının yuxarı hissəsində şişkinlik müşahidə edilmişdir.
Məlumatda həmçinin qeyd olunub ki, saxlanılmanın qanuniliyinin təsdiq edən sənədlərlə tanış olarkən müəyyən edilmişdir ki, E. Sarıyevanın barəsində 04 dekabr 2009-cu il tarixdə Gədəbəy rayon Polis Şöbəsinin istintaq tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul edilmiş və barəsində axtarış elan edilmişdir. O, ictimai yerdə səs-küy saldığına görə saxlanılaraq 9-cu polis bölməsinə gətirilmişdir. Onun saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə də tanışlıq zamanı pozuntu aşkar edilməmişdir.
Eyni zamanda onun saxlanılarkən fiziki təzyiqlərə məruz qalması ilə bağlı dedikləri ilə əlaqədar araşdırmanın aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edilmişdir.

Elminaz Sarıyeva bu gün (11 fevral) RATİ-yə bildirib ki, onu dünən Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarına təhvil veriblər. Gədəbəy RPŞ-də isə ondan rayon ərazisini tərk etməməklə bağlı yazılı iltizam alınıb və bundan sonra E.Sarıyeva sərbəst buraxılıb.