OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI MÜŞFİQ HÜSEYNOV VƏ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR

Dünən (14 dekabr) Ombudsman Aparatının əməkdaşları 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə və Penitensiar Xidmətin Vərəmli Xəstələr üçün ixtisaslaşdırılmış Müalicə Müəssisində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüblər.

Qənimət Zahid saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından şikayətinin olmadığını, ailə üzvləri və vəkillə müntəzəm görüşdüyünü söyləyib. Q.Zahid səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsində ombudsmanın ona yardımçı olmasını xahiş edib və ombudsman E.Süleymanova bununla bağlı Baş Səhiyyə İdarəsinə müraciət ünvanlayıb.
Aparatın əməkdaşları M.Hüseynovla görüş zamanı bildiriblər ki, onun vəziyyəti daim müvəkkilin nəzarəti altındadır. M.Hüseynov müəssisədəki şəraitdən və onunla rəftardan narazı olmadığını qeyd edib. O, müalicəsinin müsbətə doğru davam etdiyini, son rentgen müayinələrinə əsasən irəliləyiş olduğunu söyləyib. Jurnalist əfv olunması ilə əlaqədar müvafiq vəsatət qaldırılması üçün yaxın vaxtlarda ombudsmana müraciət edəcəyini də deyib.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

EYNULLA FƏTULLAYEVİN İŞİNDƏ AZƏRBAYCANI LƏTİF HÜSEYNOV TƏMSİL EDƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.