RATİ İctimaiyyəti Beynəlxalq Qadınlar Günündə Azərbaycanda İfadə Azadlığının Xanım Müdafiəçilərinə Dəstəyə Çağırır

Martın 8-i bütün dünyada gender bərabərliyinin təşviqi ilə əlamətdar olan Beynəlxalq Qadınlar Günüdür. Qadınlar siyasətdə və mediada fəal  iştiraka  cəhd etdikcə, onlar  avtoritar hökumətlərin təzyiqi və hücumları təhlükəsi ilə daha çox üzləşirlər.   

Bu cür hallar Azərbaycanda da baş verir – o ölkədə ki, media və ifadə azadlığını müdafiə edən bir neçə xanım fəal avtoritar rejim tərəfindən kobud rəftara məruz qalıb.

Belə ki, bir müddət bundan əvvəl Azərbaycanda getdikcə pisləşən insan hüquqları və ifadə azadlığı durumunu tənqid etdiyinə görə Amerika-Britaniya əsilli hüquq müdafiəçisi Rebekka Vinsentin ölkəyə girişinə qadağa qoyulub. Ötən ilin dekabrında Rebekka Azərbaycandan xaricə səfər edərkən onun ölkədə yaşama icazəsi ləğv olunmuş, beləliklə, Vinsentin Bakıya dönüşünün qarşısı alınmışdır. Bu addımın səbəbi izah olunmasa da, diplomatik danışıqlar bunun arxasında siyasi motivin olduğunu sübut etdi.

Buna baxmayaraq, Vinsent Azərbaycanda haqq-ədalət və insan hüquqları uğrunda mücadiləsini davam etdirəcəyini bildirib.

Eyni zamanda 2012-ci ilin martında “Azad Avropa/Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin jurnalisti və beynəlxalq mükafata layiq görülmüş araşdırmaçı jurnalist Xədicə İsmayılova intim şantaja məruz qalmış, onun intim səhnələri əks etdirən videosu internetdə yayılmışdır. İnternetdə video yayılmamışdan bir həftə əvvəl İsmayılovaya göndərilmiş və ondan susmağı tələb edən məktubda jurnalistin intim şəkilləri yer almış, ona “Fahişə, özünü yaxşı apar, yoxsa səni biabır edərik” deyə xəbərdarlıq olunmuşdur.

Hadisədən bir il keçməsinə baxmayaraq Azərbaycanın hakimiyyət orqanları İsmayılovanın şəxsi həyatına müdaxiləni lazımınca araşdırmamış, heç kəs məsuliyyətə cəlb olunmamışdır.

Hakimiyyətin yüksək eşalonlarında korrupsiya hallarını ifşa edən jurnalistə qarşı təzyiqlər, böhtan və şantaj kampaniyaları, eyni zamanda hədə-qorxular onu öz işindən uzaqlaşdıra bilməyib.

Azərbaycanda ifadə azadlığının xanım fəallarına qarşı digər təzyiq halları da baş verib.

Keçən ay RATİ-nin hüquqşunası Günay İsmayılova Xaçmaz şəhərində “idarəetmədə ictimai iştirakçılıq” mövzusunda təlim keçərkən polisin təzyiqinə məruz qalmış və həbs olunmuşdur.

2011-ci ilin avqustunda hakimiyyət insanların öz evlərindən məcburi çıxarılması hallarına qarşı fəal mübarizə aparan hüquq müdafiəçisi Leyla Yunusun  ofisinin dağıdılmasına göstəriş verdi.

Beynəlxalq Qadınlar Günü  əldə olunmuş tərəqqini bir daha nəzərdən keçirmək, dəyişikliyə çağırmaq, həmçinin öz ölkələrinin və cəmiyyətlərinin tarixində böyük rol oynamış xanımların cəsarətli və qətiyyətli əməllərini qeyd etmək üçün bir vaxtdır. Bu səbəbdən RATİ Azərbaycan hökumətini:

·         2012-ci ilin martında tanınmış xanım jurnalist Xədicə İsmayılovanı şantaj etmiş və onun şəxsi həyatına müdaxilə etmiş şəxsləri məsuliyyətə cəlb etməyə;

·         Rebekka Vinsentin yaşayış icazəsini bərpa edərək onun ölkəyə qayıtmasına və öz insan hüquqları və ifadə azadlığını müdafiə fəaliyyətini davam etdirməsinə şərait yaratmağa; habelə

·         Bütün ifadə azadlığı və insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlərə son verməyə çağırır.

Previous Post

Fərəməz Novruzoğlu aclıq aksiyasını davam etdirir

Next Post

Jurnalist diffamasiya maddəsi ilə məhkəməyə verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.