“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞI HƏDƏLƏNİR

“Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyev artıq bir-neçə gündür ki, hədələnir.

Bu barədə RATİ-yə Həziyevin özü məlumat verib. 
“Adətən gizli nömrələrdən zəng etsələr də dünən mobil telefonuma açıq nömrədən zəng gəldi. 012-493-17-21 şəhər telefon  nömrəsindən zəng edən şəxs məni yenə hədələdi. O “…deyəsən kiminlə oynadığını bilmirsən, nə işinə qalıb kim kimə işləyir. Get İlham Əliyevdən yaz…”, –  deyə bildirməklə məndən yazılarımı dayandırmağı tələb etdi”, – deyə qeyd edən Həziyevin sözlərinə görə ona bu qəbildən  hədələyici zənglər aprel ayının ilk on günündə də olub.
 “O vaxtlar da bir neçə dəfə gizli nömrədən zəng edərək eyni sözlərlə məni hədələyirdilər”, – deyə qeyd edən Həziyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına  müraciət etmək fikrində də olmadığını söylədi:
 “Kiminsə bu işi araşdıracağına ümidim yoxdur . həm də son zamanlar əməkdaşımız Aqil Xəlillə bağlı baş verən hadisələr göstərir ki, hədələnmə ilə bağlı hansısa bir quruma və ya hüquq-mühafizə orqanlarına müraciət etmək sonradan bizim özümüzə qarşı çevrilir. Buna görə də heç bir yerə müraciət etməmişəm”.
 Həziyevin qeyd etdiyi telefon nömrəsinə RATİ-nin əməkdaşı bu gün (17 may) ərzində bir neçə dəfə zəng etsə də dəstəyi qaldıran olmadı. RATİ-nin apardığı araşdırma nəticəsində isə həmin telefon nömrəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə aid olduğu bəlli oldu. 
Qeyd edək ki, Həziyev son zamanlar “Azadlıq” qəzetində Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı silsilə yazılarla çıxış edir və şərhçi  hesab edir ki, onun hədələnməsi də məhz bu yazılarla bağlıdır.  

 

Previous Post

“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORU HƏBS EDİLƏ BİLƏR

Next Post

MÜSTƏNTİQ MATERİALLARI TƏQDİM ETMƏDİYİNDƏN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.