DAHA BİR BEYNƏLXALQ TƏŞKİLAT FƏTULLAYEVİN VƏ AİLƏSİNİN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI HAKİMİYYƏTƏ MÜRACİƏT

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı hökumətə müraciət ünvanlayıb. Bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Amnesty İnternational  müraciətdə bildirir ki, Eynulla Fətullayevin atası Emin Fətullayevə üç dəfə anonim zəng edilərək,  oğlu haqda danışmağa son qoymayacağı təqdirdə öldürüləcəyi ilə hədələnib. Emin Fətullayevə ilk zəng 2007-ci ildə Eynulla Fətullayevin həbsindən az sonra, 2010-cu il yanvarın 1-də jurnalistə qarşı narkotik maddə ilə bağlı ikinci ittiham irəli sürüləndən sonra, üçüncü dəfə isə  martın 17-də edilib. Müraciətdə bildirilir ki, Emin Fətullayev bu haqda Daxili İşlər Nazirliyinə məlumat versə də, Eynulla Fətullayevin və ailəsinin həyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı heç bir tədbir görülməyib.

            Qeyd edək ki, martın 17-də saat 12.30 radələrində ev telefonuna zəng edən naməlum şəxs E.Fətullayevin atasına “oğlun da, sən də çox danışmayın, yoxsa pis olar, haminizi təhlükə gözləyir, sizi məhv edəcəyik” deyərək, ölümlə təhdid edib. Bundan bir neçə gün öncə baş redaktor “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN zabiti Akif Çovdarovun əlinin olması ilə bağlı bəyanat vermişdi.

            Martın 17-də Jurnalistləri  Müdafiə Komitəsi (JMK) Eynulla Fətullayevin ailəsinin ölümlə hədələnməsi ilə bağlı bəyanat vermişdi. Bəyanatda JMK Azərbaycan hökumətini həbsdə olan jurnalist 2009-cu il Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı Eynulla Fətullayevə və onun ailəsinə qarşı ölüm hədəsini dərindən araşdırmaga çağırmışdı.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

             2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“RƏQƏMSAL İNKİŞAF” İCTİMAİ BİRLİYİ RATİ-NİN OFİSİNDƏ 5 GÜNLÜK TƏLİM KEÇİRİB

Next Post

VƏKİL ELÇİN SADIQOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.