VƏKİL ELÇİN SADIQOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Martın 26-da vəkil Elçin Sadıqov “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Elçin Sadıqov məlumat verib. Görüş zamanı Eynulla Fətullayevə qarşı irəli sürülmüş ittihamlarla bağlı bəzi məsələləri müzakirə etdiklərini deyən  E. Sadıqov baş redaktorun səhhətində problem olmadığını və saxlanma şəraitindən narazılıq etmədiyini də  olmadığını də qeyd etdi. O həmçinin E. Fətullayevin ailəsinə gələn təhdid zənglərindən narahat olduğunu bildirib.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

DAHA BİR BEYNƏLXALQ TƏŞKİLAT FƏTULLAYEVİN VƏ AİLƏSİNİN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI HAKİMİYYƏTƏ MÜRACİƏT

Next Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN RƏHBƏRİ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.