EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN BİR İL KEÇDİ

Aprelin 20-də “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən, habelə qəzetin əməkdaşı Üzeyir Cəfərova qarşı edilən qəsdin üstündən bir il ötdü.

Başa çatmış il qəzet əməkdaşlarına qarşı təzyiq və haqsızlıqlarla yadda qalıb. Bu fikir bu gün (aprelin 22-də) qəzetin şef redaktoru Şahvələd Çobanoğlu və qəzetin şöbə redaktoru Üzeyir Cəfərovun  RATİ-nin mətbuat mərkəzində keçirdikləri mətbuat konfransı zamanı səsləndirildi.

         Ş. Çobanoğlu baş redaktorun qondarma ittihamlarla həbs edilməsi və qəzetlərin bağlanması ilə bağlı hadisələri bir daha xatırlatdı: “Baş redaktorun həbsi ilə qəzetin bağlanmasına nail ola bilməsələr də, bizə qarşı müxtəlif təxribat xarakterli addımlar atdılar, bizi qorxutmağa, hər tərəfdən sıxmağa başladılar. Son məqamda isə MTN-də yeni bir qondarma iş açmaqla əmlakımızı müsadirə etdilər və bununla da biz qəzetin fəaliyyətini dayandırmağa  məcbur olduq”, – deyə qeyd edən Ş.Çobanoğluya görə, Eynulla Fətullayevin həbsi və qəzetlərin bağlanması prezident İlham Əliyevin istəyi ilə həyata keçirilmişdir.  
         Onun sözlərinə görə, əks təqdirdə hər iki qəzet bu gün də fəaliyyətini davam etdirərdi və bunun üçün maddi, mənəvi və texniki imkanlar da var idi.  Ş. Çobanoğlu qəzetlərin ayrı-ayrı hesablarda azı 100 000 AZN həcmində vəsaitinə də həbs qoyulduğunu dedi.
        Döyülməsi ilə bağlı açılmış və icrası dayandırılmış cinayət işi haqqında məlumat verən Ü. Cəfərov isə bu faktla bağlı ötən ilin iyununda çıxarılan qərarı Yasamal Rayon Polis İdarəsi İstintaq Şöbəsindən  nəhayət 10 gün bundan əvvəl aldığını bildirib.
        Durmadan hədələr və təzyiqlərlə üzləşdiyini bildirən hərbi jurnalist hətta 2008-ci il ərzində öldürülə biləcəyini də dedi. Onun sözlərinə görə, cinayət işinin dayandırılması ilə əlaqədar artıq Avropa İnsan Haqları Məhkəməsinə sənədlər hazırlanır. Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı və vəkil Elçin Sadıqov bu sənədləri hazırlayır. Sənəddə Avropa İnsan Haqları Konvensiyanın 6, 8 və 13-cü maddələrinin pozulduğu qeyd olunacaq.
          Tədbirdə iştirak edən “Turan” İnformasiya Agentliyini rəhbəri Mehman Əliyev isə çıxışında həqiqətən də 2008-ci ilin jurnalistlər üçün ağır olacağını dedi və o bu fikrini qarşıdan gələn prezident seçkiləri ilə bağladı.

Previous Post

MEDİANIN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNACAQ

Next Post

JURNALİSTİN ABEL MƏHƏRRƏMOVA QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.