Bu gün (22 aprel) Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılovun sədrliyi ilə “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmova qarşı şərəf və ləyaqətin müdafiəsi, ona dəymiş mənəvi zərərin ödənilməsinə dair qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.
“Yaşar Ağazadə ikinci təhsilini almaq üçün 2006-cı ildə BDU-ya sənəd vermiş və müsabiqədən keçməmişdir. Daha sonra BDU haqqında məlumatlar toplamağa başlamış, habelə Maliyyə Naziri Samir Şərifova BDU-nun maliyyə işləri ilə bağlı sorğu unvanlamışdır. Həmin sorğu bizə şifahi şəkildə daxil olmuşdu və sorğuya Abel Məhərrəmov da rəsmi məktubla cavab verib”, – deyə qeyd edən T.Sadıqova görə, əslində Y.Ağazadənin qaldırdığı iddia onun BDU-ya daxil ola bilmədiyinə görə qisas xarakteri daşıyır.
Ağazadə isə iddiasını müdafiə edərək müdafiə tərəfinin arqumentini əsassız hesab etdi: “Cavab məktubunda Abel Məhərrəmov məni “şantajçı, böhtançı, yalançı” adlandırmışdır”, – deyə vurğulayan iddiaçı habelə vəsatət qaldıraraq Maliyyə Nazirliyindən prosesə nümayəndənin şahid qismində dəvət edilməsini tələb etdi.
“Gəlib BDU-ya kimin şifahi sorğu verməsi məsələsini aydınlaşdırsınlar”, – deyə o qeyd etdi.
Bundan sonra proses 29 aprel saat 09:30-a təyin edildi.