NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNDƏN 1 İL ÖTDÜ

Bu gün (17 avqust) “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun ölümündən 1 il keçir. Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib.

Rəsmi qurumlar onun xəstəlik nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməsi və düzgün müalicə olunmaması nəticəsində öldüyünü bildirirlər. Hökumət ölümün səbəbini dərindən araşdırmadığına görə, bu ölümə görə heç kim cəzalandırılmadı. RATİ bu ölüm hadisəsi ilə bağlı alternativ araşdırma aparılması üçün hökumətə müraciət etsə də, hökumət faktiki olaraq bu məsələni araşdırılması üçün heç bir zəruri şərait yaratmamış və faktiki olaraq, bu ölümü ört-basdır etməklə məşğul olmuşdu.

 

Qeyd edək ki, N.Məmmədov cəza çəkdiyi 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində 2009-cu ilin yanvar ayının 18-də “karser”ə salınması və nəticədə səhhətində ciddi problemlər yaranması ilə bağlı məhkəməyə müraciət etmiş və həmin ilin mart ayında məhkəmə onun iddiasını təmin edərək, təcili müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı qərar çıxarmışdı. Lakin həbsxana rəhbərliyi məhkəmənin qərarına məhəl qoymamış və nəticədə N.Məmmədovun səhhəti daha da ağırlaşmışdı. İyul ayının 28-də səhhəti kəskin pisləşmiş N.Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Lakin burada da ona lazımi tibbi yardım göstərilməmişdi. Xəstə baş redaktorun səhhətinin ağırlığını, yaşını nəzərə alaraq, yerli və beynəlxalq ictimaiyyət məhbusun  mülki xəstəxanada yerləşdirilməsi və müayinəsi üçün Avropa Şurasının rəsmi xəttiylə məsləhətçi mütəxəssis həkim dəvət etmək istəsələr də, buna icazə verilməmişdi.

 

Xatırladaq ki, N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

 

Previous Post

“KİV-DƏ “QARA PİAR”: MEDİA SEÇKİLƏRƏ NECƏ GEDİR?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

NAXCIVAN MR DEMOKRATIYA QHT INKISAF RESURS MERKEZININ REHBERI MELAHET NESIBOVA ILE MUSAHIBE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.