“KİV-DƏ “QARA PİAR”: MEDİA SEÇKİLƏRƏ NECƏ GEDİR?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (17 avqust) Mətbuat Şurasında (MŞ) “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirdi ki, ilin əvvəlindən başlayaraq apardıqları monitorinq nəticəsində məlum olub ki, yay aylarında KİV-də “qara piar” kampaniyası artıb. O vurğuladı ki, qəzetlərdə şərəf və ləyaqəti təhqir edən yazılara, qarayaxma kampaniyalarına tez-tez rast gəlmək olur.

 

    “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Azərbaycan mətbuatında “qara piar” kampaniyasının olmasının narahatedici hal olduğunu dedi. O bildirdi ki, Mirşahin Ağayevin Eynulla Fətullayev barəsində çəkdiyi “Bədbəxt adam” filmi ilə bağlı mətbuatda gedən diskussiyalarda da xoşagəlməz ifadələrə çox yer verilib. Sadıqov “qara piar” kampaniyasından seçki ərəfələrində də istifadə edildiyini vurğuladı və noyabr ayında keçiriləcək parlament seçkilərində mətbuatı belə hallara yol verməməyə çağırdı.

 

    Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirdi ki, “qara piar” kampaniyası dünyanın hər yerində istifadə olunan bir texnologiyadır və bu, çox normal haldır. O, əlavə etdi ki, Azərbaycan mətbuatında seçki ərəfəsində aparılan “qara piar” deyil, sadəcə təhqir və böhtandan istifadə edərək, gözdən salma kampaniyası aparılır. Məmmədli bu kimi hallara yol verməmək üçün qəzetləri saziş imzalamağa çağırdı.

 

    APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və bir çox baş redaktorlar da saziş imzalamaq təklifini dəstəklədilər.

 

    “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan isə hələ də seçki ilə bağlı vəziyyətin sakit olduğunu və gərginləşmə müşahidə olunmadığını deyərək, belə bir tədbirin keçirilməsinə ehtiyac görmədiyini dilə gətirdi. Qəzetlər arasında saziş bağlamaq təklifinə də Azər Ayxanın münasibəti müsbət olmadı. O, bunun heç bir səmərə verməyəcəyini bildirdi və qəzetlərin ictimaiyyət üçün maraq kəsb edən istənilən informasiyanı verməkdə sərbəst olduqlarını vurğuladı.

 

     “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və tədbirdə çıxış edən media qurumlarının rəhbərləri də mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,578/lang,az/

Video: http://www.irfs.az/content/view/4463/1/lang,az/

 

 

 

Previous Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜNDƏN 1 İL ÖTDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.