“Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimov noyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşı tərəfindən fiziki hücuma məruz qalması ilə əlaqədar Media Hüququ İnstitutuna (MHİ) müraciət edib. Bu barədə bu gün (01 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramid İbrahimovun özü məlumat verib.
R. İbrahimov bildirdi ki, MHİ faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edərək, hadisənin araşdırılmasına çalışacaq.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimov noyabrın 26-da “Qış parkı” layihəsi əsasında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin sökülməsi ilə əlaqədar foto çəkiliş apararkən, BŞİH –nin əməkdaşlarının fiziki hücumuna məruz qalmışdı və nəticədə jurnalistin fotoaparatı sındırılmışdır.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.