ATƏT-İN MEDİA AZADLIĞI NÜMAYƏNDƏSİ PREZİDENT İLHAM ƏLİYEVLƏ EYNULLA FƏTULLAYEV BARƏDƏ DANIŞIB

ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Astana zirvə toplantısına qatılmaq üçün dünən (30 noyabr) Qazaxıstana gedən Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb.

“APA”-nın  məlumata görə, görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

“Turan” informasiya agentliyinə daxil olan məlumata görə isə, görüşdə həmçinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin həbsdən azad olunması məsələsi də müzakirə  olunub.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Onu da qeyd edək ki,E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar verib.

 

Previous Post

FOTOAPARATI SINDIRILAN MÜXBİRLƏ BAĞLI HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT EDİLƏCƏK

Next Post

ANAR MƏMMƏDOVUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ QALMAQALLA START GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.