OSMAN GÜNDÜZ İNTERNETİ TƏNZİMLƏYƏCƏK QANUNUN QƏBULUNA EHTİYAC GÖRMÜR

Fevralın 27-də Azərbaycan İnternet Forumunun (AİF) toplantısı keçirilib. AİF-in rəhbəri Osman Gündüzün RATİ-yə verdiyi məlumata görə, internet ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda milli internet ünvanlarının qeydiyyatı ilə bağlı problemlər, domenlərin tənzimlənməsi, internetin keyfiyyətinin yaxşılaşdırılması, onun qiymətinin endirilməsi yolları və s.  müzakirə olunub. 

 RATİ Azərbaycanda Internet təchizi haqqında qanunun qəbul ediləcəyi və İnternet Şurasının yaradılacağı barədə səslənən fikirlərlə bağlı Osman Gündüzün münasibətini öyrənib: “İnternet təchizi haqqında qanunun qəbul edilməsinə mən heç bir əsas görmürəm. Bu məsələlərlə kimin məşğul olacağından, nəyi tənzimləyəcəyindən xəbərdar deyiləm. Ümumiyyətlə, dünyanın  heç bir yerində bu məsələləri tənzimləyəcək qanun mövcud deyil. Mən hesab edirəm ki, İnterneti tənzimləyəcək qanunun qəbul olunmasına gərək yoxdur. İnternet onsuz da kommersiya qanunları ilə tənzimlənir. Bu məsələ bizim üçün qaranlıqdır”.
AİF-in rəhbəri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternet Şurasının yaradılması məsələsinə belə münasibətini bildirdi: ”Bizə bu Şuranın tərkibinə daxil olmaq təklifi edilib. Ancaq biz həmin Şuranın Əsasnaməsini istədik və Əsasnaməni nəzərdən keçirdik. Lakin Əsasnamədə elə müddəalar var ki, ictimai qurum olaraq bizim orada iştirakımıza maneə yaradır. Bu barədə onlara artıq məlumat vermişik. Həmin müddəaları hələlik mətbuata açıqlaya bilmirik. Ola bilər ki, həmin müddəalar oradan çıxarılsın”.
*Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev fevralın 1-də jurnalistlərə açıqlamasında Azərbaycanda “İnternet təchizi haqqında” Qanunun qəbul ediləcəyini bildirmişdi. RATİ qanun layihəsinin hansı komissiya tərəfindən hazırlandığını və orada hansı müddəaların əks olunduğunu aydınlaşdırmaq məqsədilə 06 fevral 2008-ci ildə Səfa Mirzəyevə informasiya sorğusu göndərmişdi. Sorğu Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri A.Abasovun imzası ilə bu gün cavablandırılıb. Cavab məktubunda bildiril: “İnternet təchizi (provayderlər) haqqında” Qanun layihəsi Elm və Təhsil Daimi Komissiyasında müzakirədədir. Qanun layihəsi qəbul edildikdən sonra Milli Məclisin internet saytında yerləşdiriləcək”.  

Previous Post

REKTOR İNFORMASİYA SORĞUSUNA CAVAB VERDİYİNİ İDDİA EDİR

Next Post

“XURAL”-IN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.