İyulun 12-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi, bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsasında məhkəmə prosesi keçirildi.
Vəkil Osman Kazımov isə Füzulidə olarkən Baş Prokurorluğa göndərdiyi teleqramın surətini məhkəməyə təqdim edib.
Daha sonra iddiaçının nümayəndəsi Feruz Quliyev Rəyasət Heyətinin üzvlərinin və dəftərxana katibinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırdı.
Hakim bildirdi ki, dəftərxana katibinin məhkəmədə dindirilməsinə ehtiyac yoxdur, amma zəruriyyət yaranacağı təqdirdə gələcəkdə onu məhkəməyə çağırmaq olar.
Daha sonra iddiaçının nümayəndəsi Altay Muradov Osman Kazımovun verdiyi qarşılıqlı iddiaya etirazlarını məhkəməyə təqdim etdi və izahat verdi.
Muradov bildirdi ki, Kazımov tərəfindən verilmiş qarşılıqlı iddia Vəkillər Kollegiyasının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır və qarşı tərəfin təqdim etdiyi dəlillər də əsassızdır.
İddiaçının nümayəndəsi Feruz Quliyev isə bildirdi ki, bu cür addım atmaqla presedentin yaranmasına şərait yaratmaq olmaz və Osman Kazımovun təqsiri sübuta yetirilməyincə o kollegiyadan çıxarıla bilməz.
Daha sonra hakim tərəflərə barışıq sazişi bağlamağı təklif etdi və bunu dəqiqləşdirmək üçün prosesi 13 iyul saat 16:30-a təyin etdi.
Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.