RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKARA AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ VERİLMİR

Sentyabrın 11-dən polis tərəfindən Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 55 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanova ailə üzvləri ilə görüş verilmir. Bu məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATI) Naxçıvandakı bölgə müxbirinə sahibkarın həyat yoldaşı Fəridə İsmayılova verib.

Onun sözlərinə görə, həyat yoldaşı üçün apardıqları ərzağı və siqareti qəbul etsələr də, onunla görüşməyə icazə verilmir: “Həyat yoldaşıma psixoloji və mənəvi təzyiq edirlər. Onu şərləyərək 5-6 il müddətə həbs etdirmək istəyirlər. Əldə etdiyimiz məlumata görə,  artıq onun əleyhinə Sədərək keçid məntəqəsində 9 nəfərdən izahat alınıb” – deyə F. İsmayılova bildirib.
Bu gün (15 sentyabr) məsələ ilə bağlı növbəti dəfə RATİ-nin bölgə müxbirləri Naxçıvan şəhər Ruhi Xəstəliklər Dispanserində olublar. Jurnalistlər baş həkimlə görüşmək istəsələr də, dispanserin növbətçi polisi buna imkan verməyib. “ Baş həkim məzuniyyətdədir. Sizinlə görüşmək istəmir. Burada sizə heç kim cavab verməyəcək. Yaxşı olar ki, buradan çıxıb gedəsiniz ”, – deyə növbətçi polis nəfəri deyib.
Xatırladaq ki, Naxçıvan şəhər sakini, kiçik sahibkar, 55 yaşlı 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etdiyinə görə 11 sentyabr 2009-cu il tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən Ruhi Xəstəliklər Dispanserinə yatırılıb.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEVƏ QARŞI NÖVBƏTİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.