ƏFV EDİLMİŞ JURNALİSTLƏR AZADLIĞA BURAXILDILAR

Əfv edilmiş jurnalistlər bu gün cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

RATİ əməkdaşları  “Müxalifət“ qəzetinin baş redaktoru Rövşən Kəbirli və “Sənət qəzeti“nin əməkdaşı Rafiq Tağı ilə görüşüb, digər jurnalistlər – Fərəməz Allahverdiyev, Yaşar Ağazadə və Samir Sədaqətoğlu ilə telefon vasitəsilə əlaqə saxlayıb.

      RATİ-nin əməkdaşları “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinini 10 saylı Cəzaçəkmə Müəssisəsindən evə buraxılması prosesini izləyiblər. R.Kəbirli RATİ-yə bildirb ki, yaxın günlərdə öz işinə qayıdacaq. Eyni zamanda əvflə bağlı fikirlərini bildirmək üçün mətbuat konfransı keçirməyi planlaşdırdığını da vurğulayıb. 

Rövşən Kəbirli (Mahmudov) 1961-ci il avqustun 29-da Beyləqan rayonunun Mehrablı kəndində anadan olub. Ailəlidir. Üç uşaq atasıdır. 16 may 2007-ci ildə Yasamal Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında millət vəkili Cəlal Əliyevin və A.M.A.Y. ASC-nin iddiası ilə çıxardığı qərar əsasında 2 il 6 ay müddətinə həbs cəzasına məhkum olunmuşdu.

     “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, “əfv fərmanının imzalanmağını müsbət qarşılayıram. Azadlıqda olmağıma çox sevinirəm. Digər tərəfdən isə kədərlənirəm ki, bu əfv yarımçıq əfvdir. Həbsdə olan jurnalistlərdən hamısı azad olunmayıb. Bunu isə pis qarşılayıram. Görünür M.Sakit və E.Fətullayevin həbsinə səbəb olan yuxarı instansiyaların adamları hələ də öz ambidsiyalarını yeridirlər. Mirzə Sakiti  isə mütləq azad etməli idilər. Ən azından ona görə ki, 6 nəfərlik ailə başsız qalıb”. Eyni zamanda jurnalist onu da vurğuladı ki, hal-hazırda azad edilmiş jurnalistlərlə məsləhətləşib, birlikdə hər hansı bir tədbir keçirmək haqqında fikirləşir.  

Yaşar Ağazadə 1979-cu il sentyabrın 25-də Zəngilan rayonunun Həkəri kəndində anadan olub.  Subaydır. 16 may 2007-ci ildə Yasamal Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında millət vəkili Cəlal Əliyevin və A.M.A.Y. ASC-nin iddiası ilə çıxardığı qərar əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.          “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) qeyd etdi ki, “hal-hazırda səhhətimdə olan problemlər haqqında düşünürəm. Yanvar ayının 20-dən sonra əməliyyat olunmağı, əfvlə bağlı isə yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırıram”.

Fərəməz Allahverdiyev (Novruzoğlu) 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində anadan olub. Ailəlidir. Üç övladı var. Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun şərəf və ləyaqətin alçaldılması ittihamı ilə 30 yanvar 2007-ci ildən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

     “RATİ-yə və həbsdə olan jurnalistlərin azadlığa çıxmasında hətta ən kiçik rolu olan bütün təşkilatlara öz təşəkkürümü bildirirəm”. Hal-hazırda Lənkəranda öz ailəsi ilə bir yerdə olduğunu vurğulayan “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu əvvəlik tək mübariz ruhda olduğunu deyib. “10-15 gün istirahət etdikdən sonra yenidən qayıdıb, öz işimi davam etdirəcəyəm”.  

 
“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu 1975-ci il iyulun 21-də Lənkəran rayonunun Kərgəlan kəndində dünyaya gəlib. Ailəlidir. İki uşaq atasıdır. 4 may 2007-ci il tarixindən Səbail Rayon Məhkəməsinin qərarı ilə  “Sənət qəzeti”ndə “Avropa və Biz” adlı məqalənin dərc edildiyinə görə dini nifrətin salınmasında təqsirli bilnərək dörd illik həbs cəzasına məhkum edilmişdi.       “Sənət qəzeti”nin əməkdaşı Rafiq Tağı bildirdi ki, məhbus olduğu ilk vaxtlar bir az stres keçirsə də, sonradan özünü ələ almağı bacarıb. Jurnalist həbs olunmasını ona nağıl kimi gəldiyini qeyd edib. Yazdığı məqalə ilə bağlı məsələyə toxunan Rafiq Tağı vurğulayıb ki, “bu yazı yazıçının fəlsəfi mənada mövqeyidir, bu isə cinayət deyil. Məqalədə heç bir təhqirə yol verilməyib”.

Rafiq Tağı 1950-ci il 5 avqustda Masallı rayonunun Xançobanlı kəndində anadan olub. Ailəlidir. Üç uşaq atasıdır. 4 may 2007-ci il tarixindən Səbail Rayon Məhkəməsinin qərarı ilə “Sənət qəzeti”ndə “Avropa və Biz” adlı məqaləyə görə dini nifrətin salınmasında təqsirli bilnərək üç illik həbs cəzasına məhkum edilmişdi.

Previous Post

aSDADFASFASDFASDFA

Next Post

JURNALIST POLİS BÖLMƏSİNƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.