MİLLƏT VƏKİLLƏRİ “LİDER” TV-Nİ ADƏT-ƏNƏNƏLƏRƏ HÖRMƏT ETMƏYƏ ÇAĞIRIBLAR

aprel 26th, 2008
Son vaxtlar “Lider” telekanalının efirində nümayiş etdirilən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil və AXCP sədri Əli Kərimli ilə bağlı süjetlər millət vəkillərinin narazılığına səbəb olub.

Deputat Cəmil Həsənli  belə süjetlərin Azərbaycanın  milli dəyərlərinin əleyhinə olduğunu hesab edir (“Turan”). O, bildirib ki, telekanalda yayımlananlar heç bir etika və yayım qaydalarına uyğun gəlmir. C. Həsənli həmçinin bildirib ki, xüsusən rayon əhalisi bu cür süjetlərin əsl məğzini tam başa düşmürlər.
          “Belə kampaniyalar evlərə, ailələrə daxil olaraq mənəvi dəyərləri zərbə altında qoyur”. Bu sözləri isə “Lider” telekanalında yayımlananlara münasibət bildirən digər deputat, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib: “Mən istər çap, istərsə də elektron mətbuatın milli adət-ənənələrimizə  hörmətlə yanaşmasını istərdim”, – deyə o vurğulayıb.