
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) tələbənin səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağalıyev məlumat verib. “Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən xaric olunması ilə bağlı əmrin qanunsuz hesab edilməsi və tələbənin universitetə bərpa olunması ilə bağlı məhkəmədə iddia qaldırılıb” – deyən X.Ağaliyev onu da bildirdi ki, bu məsələ ilə bağlı Təhsil naziri Misir Mərdanova da müraciət ünvanlanacaq.
Qeyd edək ki, Pərviz Əzimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi qurumlara etdiyi müraciətlərə cavab verilməsə, yaxın günlərdə aclıq aksiyasına başlayacaq.
Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin rəhbərliyi tələbənin nizam–intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu desə də, Pərviz Əzimov universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub xəbərləri” qəzetində yazdığı yazıya görə universitetdən xaric olunduğunu iddia edir.