“PEN-KLUB” UN ÜZVLƏRİ MİRZƏ SAKİT VƏ HƏBSDƏ OLAN İKİ JURNALİSTİN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

aprel 23rd, 2009
Aprel ayının 21-də “Pen-klub” beynəlxalq təşkilatının nümayəndələri, Qrinviç Universitetinin dekanı, həmçinin klubun məhbəsdə olan yazıçıların müdafiəsi komitəsinin üzvü Alev Adil və klubun digər üzvü Eva Hoffman “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) həyat yoldaşı Ayəndə Mürsəliyeva ilə görüşüblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən A. Mürsəliyevanın sözlərinə görə, təşkilat üzvləri Q. Zahidin həbsi, saxlanma şəraiti ilə maraqlanıb, baş redaktorun məhv edilmiş əlyazmaları ilə bağlı suallar veriblər. A. Mürsəliyeva təşkilat nümayəndələrindən beynəlxalq təşkilat olaraq öz təsir etmə imkanlarından istifadə etməklə Q. Zahidin işinə Avropa məhkəməsində prioritet qaydada baxılmasına yardım etmələrini xahiş edib. “Pen-klub” nümayəndələri isə öz növbəsində buna çalışacaqlarını söz veriblər.
Təşkilatın nümayəndələri həmçinin “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitlə (Sakit Zahidov) də görüşüblər. İlk öncə jurnalisti həbsdən azad olunması münasibəti ilə təbrik edən təşkilat üzvləri, daha sonra onun yaradıcılıq planlarının nədən ibarət olduğu barədə maraqlanıblar. M. Sakitin RATİ-ə bildirib ki, həbsinin sifarişli olması, 14 saylı cəzaçəkmə müəssisəsində ona qarşı yol verilən qanunsuzluqlar barədə təşkilat üzvlərinə ətraflı məlumat verib.
Dünən isə (22 aprel) “Pen-klub” un üzvləri, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsinə baş çəkiblər. Bu barədə RATİ-ə məlumat verən baş redaktorun atası Emin Fətullayevin sözlərinə görə, klub üzvləri Eynulla Fətullayevin vəziyyəti, saxlanma şəraiti, eyni zamanda Azərbaycan mətbuatın hazırkı vəziyyəti, ölkədə jurnalistlərə qarşı olan təzyiqlərlə maraqlanıblar. Görüş zamanı baş redaktorun ailəsi ilə birgə “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və qəzetin əməkdaşları olan Natiq Cavadlı və Elşən Balaxanlı da iştirak ediblər. Hər üç jurnalist “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin yaranması, fəaliyyəti və bağlanması barədə qonaqların məlumatlandırıblar.
Emin Fətullayev oğlunu “Pen-klub”a fəxri üzvü seçdiklərinə görə, klub üzvlərinə təşəkkürünü bildirib. Beynəlxalq amnistiya təşkilatından Eynulla Fətullayevə ünvanlanan 12 mindən artıq məktub və açıqcaları qonaqlara təqdim edən Emin Fətullayev, Nyu Yorkda yerləşən “Jurnalistlərin Müdafiə Komitəsi”nin (CPJ) Cənub Qafqaz və Asiya üzrə koordinatoru Nina Oqnyanova və “Sərhədsiz Reportyorlar” Birliyinin rəhbəri Elza Vidal onların ailəsinə göstərdikləri maddi və mənəvi dəstəyi barədə məlumat verib. Həmçinin atası baş redaktorun vaxtilə yazdığı 4 kitabı qonaqlara hədiyyə edib. E. Fətullayevin sözlərinə görə, klub üzvləri baş redaktora və onun ailəsinə necə yardım etməkləri barədə suallar veriblər.
“Pen-klubun” Azərbaycandakı şöbəsinin prezidenti Maqsud İbrahimbəyov və vitse-prezidenti Çingiz Abdullayevlə görüşdüyün deyən Emin Fətullayev bildirdi ki, baş redaktorun “Pen-klub”a fəxri üzv seçilməsindən və baş redaktora xarici dövlətlərdən yüzlərlə dəstək məktublarının gəlməsindən Ç. Abdullayevin xəbəri olmayıb. Bundan təəssüf hissi keçirdiyini qeyd edən Emin Fətullayev bütün bu məsələləri qonaqların nəzərinə çatdırıb.