EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİDƏ ŞAHİDLƏR DİNLƏNİLDİ

Bu gün (23 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı E. Hüseynov və onun səlahiyyətli nümayəndəsi – “Media Hüququ İnstitutu” nun vəkili Elçin Sadıqov, cavabdeh tərəflərdən isə Nəsimi RPİ-nin 22-ci Polis bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi.
Bu günkü prosesdə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi şahidlər – Nəsimi RPİ-nin 22-ci polis bölməsinin tədqiqatçısı Yunus Əbdinov, bölmənin sahə müvəkkili Rafiq Əliyev və məhkəmə tibbi eksperti Ceyhun Allahverdiyev məhkəmə qarşısında baş vermiş hadisə ilə bağlı ifadə veriblər.
Y. Əbdinov öz ifadəsində bildirib ki, baş vermiş hadisə ilə əlaqədar 15 iyun 2008-ci il saat 23.00-da E. Hüseynovdan izahat alıb. İzahat əsasında isə tibbi ekspertiza təyin olundu.
Xəstəxanaya qəbul zamanı E. Hüseynovun qapalı kəllə beyin travması diaqnozu qoyulduğunu bildirən məhkəmə tibbi eksperti C. Allahverdiyev isə ifadəsində, 15 iyun 2008-ci ildə saat 18.00-da zərərçəkmiş şəxsi müayinə etdikdən sonra diaqnozun səhv qoyulduğu müəyyənləşdirildiyini deyib. E. Hüseynov isə bildirib ki, ifadə verən şəxslər iyunun 15-də deyil, hadisədən bir neçə gün keçdikdən sonar xəstəxanaya gəliblər.
İfadələrdən sonra hakim məhkəmədə fasilə élan edərək prosesi 8 may saat 10.00-a təyin etdi.
Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E. Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

“PEN-KLUB” UN ÜZVLƏRİ MİRZƏ SAKİT VƏ HƏBSDƏ OLAN İKİ JURNALİSTİN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.