PENİTENSİAR XİDMƏT RATİ-YƏ JURNALİSTİN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞ OLMAĞA İCAZƏ VERMƏYİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Bakı İstintaq Təcridxanasında monitorinq aparmasına icazə verməyib.

Belə ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin həbsdə olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Eynulla Fətullayevin həyatının təhlükədə olması ilə bağlı mart ayının əvvəlində beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müraciət etməsindən sonra, RATİ baş redaktorun Bakı İstintaq Təcridxanasında saxlanma şəraiti ilə tanış olmaq üçün müraciət etmişdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanovun imzaladığı və RATİ-yə bu gün (29 mart) daxil olan məktubda deyilir:
“Sizin 05. 03. 2010-cu il tarixində Penitensiar xidmətə daxil olmuş müraciətinizə baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Bakı İstintaq Təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslər kimi Eynulla Fətullayevin də təhlükəsizliyi tam təmin olunur. İnsan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri də dəfələrlə Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yüksək standartlara cavab verdiyini bildirmişlər.
Eyni zamanda məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Naziri yanında hüquq müdafiə, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İctimai Komitənin də üzvləri mütamadi olaraq penitensiar müəssisələrdə olur, məhkumların saxlanma şəraiti ilə maraqlanır və müşahidənin nəticəsindən asılı olaraq, müvafiq təkliflər verirlər. Keçirilmiş müşahidələrin nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.
Rəhbərlik etdiyiniz qurumun ayrı-ayrı məhkumların saxlanma şəraiti ilə tanış olmaq arzusunu nəzərə alaraq, qeyd olunan İctimai Komitəyə müraciət etməyinizi tövsiyə edirik”.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

Next Post

Alyans Canlı Aləm və Etika İctimai Birliyi dəyirmi masa keçirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.