ƏCNƏBİ JURNALİSTİ VƏ HÜQUQ MÜDAFİƏÇİSİNİ DÖYƏN ŞƏXSLƏR SAXLANILIB

İyunun 15-dən 16-na keçən gecə paytaxtın Yasamal rayonundakı Vidadi küçəsində dörd şəxsin hücumuna məruz qalıb döyülən Böyük Britaniya vətəndaşı, hüquq müdafiəçisi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı  Silya Devis və ABŞ vətəndaşı, jurnalist Amanda Eriksonun döyülməsi faktı ilə bağlı sonuncu şəxs  də həbs edilib.

“APA”nın yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi  (BŞBPİ) saxlanılan sonuncu şəxsin Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Nazim Hüseynov olduğunu   bildirib.
Məlumatda qeyd edilir ki,  DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində jurnalistlərə qarşı fiziki zorakılıq göstərmiş şəxslərdən üçü –  Bakının Ramana qəsəbəsinin sakini, 1993-cü il təvəllüdlü Adil Hüseyn oğlu Tağızadə, Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Roman Musa oğlu Həsənov, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov da tutulublar.
Cinayət işi Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə araşdırılır. Bir qrup şəxs tərəfindən  törədilən xuliqanlıq iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, hadisə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb.  Amanda   Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

Previous Post

ŞƏRQ-QƏRB ARAŞDIRMALAR MƏRKƏZİNİN RƏHBƏRİ ƏRƏSTUN ORUCLU İLƏ MÜSAHİBƏ

Next Post

“BLOOMBERG” AGENTLİYİNİN FOTOMÜXBİRİ AZƏRBAYCANDAN DEPORTASİYA EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.